×
A
A
A
Sazlamalar

Baş prokuror prokurorluq orqanlarının veteranları ilə görüşüb

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən veteran prokurorluq işçiləri ilə görüş keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş iştirakçılarını salamlayan Baş prokuror ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətində yeni bir dövrün başlandığı prokurorluq orqanları tərəfindən müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlərin, o cümlədən görkəmli ictimai xadimlərə və dövlət xadimlərinə qarşı törədilən terror aktlarının, dövlət əmlakının mənimsənilməsi və bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələrinin istintaq olunduğunu qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqətin göstərildiyini vurğulayan Baş prokuror mühüm dövlət təsisatlarından biri kimi prokurorluq orqanlarının maddi-sosial bazası üçün yaradılmış təminatlar barədə söz açıb.
Tədbirdə Azərbaycan Prokurorluğunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsində veteran prokurorluq işçilərinin səmərəli təcrübəsinə daim ehtiyacın olması qeyd olunub.
Görüşdə Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında şərəfli yol keçmiş veteranlara son zamanlar prokurorluq orqanlarında həyata keçirilmiş kadr islahatları barədə məlumat verib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 21 may tarixli Sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adı ilə təltif olunmuş Baş prokurorun sabiq müavinləri Rüstəm Usubova və Namiq Əsgərova dövlət mükafatları, prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əmək veteranı” fəxri adı ilə təltif olunmuş bir qrup prokurorluq işçilərinə isə vəsiqələr təqdim edilib.
Görüşdə prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışılıb, ötən günlər xatırlanıb. Prokurorluq orqanlarında uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiəsində xidmət aparmanın qürurverici olduğunu vurğulayan veteran işçilər prokurorluq peşəsinin çox şərəfli və məsuliyyətli olmasından, ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğısından söz açıblar.
Bundan başqa, veteran prokurorluq işçiləri insan hüquq və azadlıqlarının təmini, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində təkliflər veriblər. Görüşə görə təşəkkürlərini bildirən veteranlar belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq gənc əməkdaşların prokurorluq veteranlarının təcrübəsindən daim yararlanaraq peşəkarlıqlarını artıracaqlarını diqqətə çatdırıblar.
Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, ötən illərdən bağlı qalmış cinayətlərin açılmasında, habelə cinayətkarlığın profilaktikası və təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından bundan sonra da yararlanılacağını vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.

Sosial 2020-09-22 15:12:00