×
A
A
A
Sazlamalar

Muxtar respublikada müəllimlərin işə qəbulu üçün elan edilmiş müsabiqənin test imtahanları yekunlaşıb

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün bu il iyunun 30-da elan edilmiş müsabiqənin test imtahanlarına yekun vurulub.
Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə 268 vakant vəzifə çıxarılmışdı. 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət etmişdi ki, bu da son illərdə ən yüksək göstəricidir. Belə ki, 2018-ci ilin eyni dövründə 527, 2019-cu ildə isə 599 müraciət qeydə alınmışdı. Test imtahanlarında 714 namizəd iştirak edib, onlardan 414-ü keçid balını toplayıb.
Ən çox vakant vəzifələr Şərur (63 yer), Ordubad (60 yer) və Babək rayonları (40 yer) üzrə olub. Ən çox İbtidai sinif müəllimliyi (148 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə qeydiyyat aparılıb.
Müsabiqədə hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris edilən ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim olunub. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilib və hər bir düzgün cavab bir balla qiymətləndirilib. Səhv cavablar düzgün cavablara təsir etmir.
Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
İmtahanda namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

Regionlar 2020-09-22 15:02:00