×
A
A
A
Sazlamalar

Ekspert: “Əsrin müqaviləsi” Azərbaycanın əldə etdiyi uğurların təməlini təşkil edir

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 20-si Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin - “Əsrin müqaviləsi”nin imzalandığı tarixi gündür. Sazişin imzalandığı dönəmdə ölkəmizdə və regionda baş verən prosesləri, vətəndaş qarşıdurmasına, dövlət çevrilişinə edilən çoxsaylı cəhdləri və digər amilləri nəzərə alsaq, “Əsrin müqaviləsi”nin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini müəyyənləşdirə bilərik.
Bu sözləri AZƏRTAC-a ekspert Elçin Mirzəbəyli deyib.
“Əsrin müqaviləsi” Azərbaycanın əldə etdiyi uğurların təməlini təşkil edir. Əgər ölkəmizin bir dövlət olaraq mövcudluğu üçün həyati əhəmiyyət kəsb edən bir zaman kəsiyində bu sazişin imzalanmasına nail olunmasaydı, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərin heç biri haqqında danışmaq mümkün olmayacaqdı. Azərbaycanın enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və iştirakçısı kimi mühüm geosiyasi, geoiqtisadi mövqeyə yiyələnməsinin təməlində “Əsrin müqaviləsi” və bu müqavilənin baş tutması bütün maneələri dəf etməyi bacaran ulu öndər Heydər Əliyevin qətiyyətli xarakteri, dərin zəkası dayanır”, - deyə o qeyd edib.
Ekspert bildirib: “Azərbaycanın dünyaya açılmasının, qlobal proseslərin iştirakçısına çevrilməsinin, sabit inkişaf yolu seçməsinin, enerji və nəqliyyat dəhlizlərinin körpüsünə çevrilməsinin əsasını “Əsrin müqaviləsi”ndən başlayan yol təşkil edir və həmin yol bu gün də səbirlə, qətiyyətlə, uzaqgörənliklə davam etdirilməkdədir. Bu önəmli tarixi hadisə öncəsi Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasiminin keçirilməsi və Prezident İlham Əliyevin mərasimdə iştirakı da bunu bir daha təsdiqləyir. Qeyd edim ki, “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsinə başlanılması, Azərbaycan Prezidentinin də yerli televiziyalara müsahibəsində dediyi kimi, çox önəmli hadisədir və ölkə iqtisadiyyatının dayanıqlılığının təmin olunması, qeyri-enerji sektorunun inkişafı və ölkəmizdə bütün istiqamətlərdə həyata keçirilən islahatların davamlılığının təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.
“Məlum olduğu kimi, koronavirus pandemiyası bütün dünyada iqtisadi tənəzzülə səbəb olub. Regional və qlobal iqtisadi proseslərin dinamikası minimuma enib, iqtisadiyyatın bütün sahələrinə, o cümlədən də enerji sektoruna ciddi ziyan dəyib. Belə bir zaman kəsiyində, xüsusilə də enerji sektorunda yeni layihələrin həyata keçirilməsi ciddi maliyyə resursları, iqtisadi potensial və iqtisadi proseslərin ciddi şəkildə proqnozlaşdırılmasını tələb edir”, - deyə E.Mirzəbəyli vurğulayıb.
O əlavə edib ki, ilkin hesablamalara görə, Azərbaycan “Abşeron” yatağından 350-360 milyard kubmetr qaz əldə edəcək. Prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində “Abşeron” yatağındakı qaz ehtiyatlarının daha çox olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaq. Dövlətimizin başçısı, eyni zamanda, dedi ki, “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək: “Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir”. Beləliklə, “Abşeron” yatağının istismarı, ilk növbədə Azərbaycanın enerji təhlükəsizliyini təmin edəcək ki, bu da müasir dövrdə dövlətlərin iqtisadi müstəqilliyinin təmin edilməsi və sabit inkişafi baxımından müstəsna əhəmiyyətə malikdir. Yataqdan ikinci mərhələdə çıxarılacaq qaz isə Azərbaycanın ixrac potensialını artıracaq, həmçinin ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələrin davamlılığını təmin edəcək. Bu isə öz növbəsində həm ölkəmizin gəlirlərinin artması, həm də geosiyasi mövqelərinin daha da möhkəmləndirilməsi deməkdir. Azərbaycan gələcəyə ümidlə baxır, strateji hədəflərinə doğru səbirlə, qətiyyətlə addımlayır.

Neft - qaz 2020-09-19 17:49:00