×
A
A
A
Sazlamalar

Kütləvi dini mərasimlər koronavirusun yayılmasına və ciddi fəsadlara səbəb ola bilər

Bakı, 29 avqust, AZƏRTAC

İslam tarixində bir çox əlamətdar günlər var ki, onlardan da biri Məhərrəmlik ayında qeyd edilən Aşura günüdür. Aşura “onuncu gün” deməkdir. Bu gündə həzrəti Məhəmmədin (s) əziz nəvəsi, haqqında “Hər kəs Hüseyni sevsə, məni sevmişdir. Məni sevən isə Allahı sevmişdir” deyə buyurduğu İmam Hüseynin (ə) öz yaxın tərəfdarları ilə birlikdə Kərbəla çölündə şəhadətə yetirildiyi gündür. Həmin tarixdən etibarən Əhli-beytin (ə) matəm günü kimi qeyd edilən Məhərrəmlik ayı dünya müsəlmanları üçün də hüzn və kədər ayı kimi qeyd edilir. Xalqımızın da mənəvi mədəniyyətində, ədəbiyyat və incəsənətində müstəsna yeri olan Məhərrəmlik mərasimi hər il qeyd edilib, bu mövzuda bir çox mərsiyələr yazılıb, qəsidələr deyilib. Lakin bu il sözügedən mərasimin kütləvi şəkildə qeyd edilməsi məqsədəuyğun deyil. Bunun səbəbi isə heç şübhəsiz ki, bütün bəşəriyyəti bürümüş COVID-19 pandemiyasıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.
O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin, habelə yerli mütəxəssislərimizin verdikləri məlumata görə, bu öldürücü virus insanların kütləvi toplaşdığı, fiziki məsafə saxlamadıqları və bəzi tibbi göstərişlərə əməl etmədikləri məkanlarda daha sürətli və fəsadlı şəkildə yayılır. Məscidlərin, ziyarətgah və pirlərin qapalı məkan olduğunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah sözügedən yerlərin müvəqqəti bağlanması, orada hər hansı dini ayinin və mərasimin keçirilməməsi barədə qərar qəbul edib. Qafqaz Müsəlmanları İdarəsi Operativ Qərargahın təlimat və tövsiyələrinə istinad edərək bütün mömin və inanclı insanların nəzərinə çatdırır ki, builki Aşura mərasimini məscid və ziyarətgahlarda deyil, fərdi şəkildə, hər kəs öz ailəsi daxilində qeyd etsin, kütləvi toplantılardan uzaq dursunlar. Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun olaraq paytaxtda və regionlarda təşkil edilmiş Qan Bankına yaxınlaşsınlar və orada Kərbəla şəhidlərinin xatirinə qan versinlər. Qan verən hər bir şəxs bilsin ki, o, bu savab əməli ilə neçə-neçə insanın həyatını xilas etmiş olur. Uca Rəbbimiz “Qurani-Kərim”də “Bir insana həyat vermək bütün bəşəriyyəti xilas etməkdir” deyə buyurmaqla belə savab əməllərin təqdirəlayiq olduğunu bildirmək istəyib.

Din 2020-08-29 12:49:00