×
A
A
A
Sazlamalar

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası İdarə Heyətinin ilk iclası keçirilib

Bakı, 26 avqust, AZƏRTAC
Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (AAKŞ) İdarə Heyətinin (İH) ilk iclası keçirilib. Onlayn keçirilən toplantıda İdarə Heyətinin üzvləri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Nyu-York–Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Amerika–Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, Amerika–Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Lalə Rəhimova, Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Kaliforniyada professor köməkçisi və müəllim vəzifəsində çalışan Arzu Məmmədova, Şimali Amerika Gənclər Assosiasiyasının rəhbəri Aytac Qasımova çıxış ediblər.
Natiqlər birlikdə fəaliyyət, gələcəkdə İdarə Heyəti və şura üzvlərinin sayının artırılması, gənclərin təmsilçiliyinə xüsusi diqqət ayrılması, Azərbaycana dost münasibəti bəsləyən digər icmalarla əlaqələrin qurulması və sair məsələlərdən danışıblar.
Müzakirələr zamanı AAKŞ-nin strategiyası, loqosu, fəaliyyətinin media və sosial şəbəkələrdə işıqlandırılması və digər mühüm təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Dövlət Komitəsinin həyata keçirdiyi işlər, ABŞ-da reallaşdırılması nəzərdə tutulan layihələr barədə danışılıb.
AAKŞ-nin strategiyasının İdarə Heyətinin üzvlərinin təklifləri əsasında hazırlanacağı, fəaliyyət planının da məhz bu strategiya nəzərə alınmaqla gerçəkləşdiriləcəyi bildirilib. Erməni lobbisinin və anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı informasiya müharibəsi ilə mübarizədə birgə fəaliyyətin göstərilməsi, ABŞ konqresmenləri ilə güclü əlaqələrin qurulması və dövlət strukturlarına müraciət qaydalarının öyrədilməsi məqsədilə seminarların təşkilinin vacibliyi vurğulanıb.
Tədbirdə müxtəlif rəy və təkliflər səsləndirilib.

Diaspor 2020-08-26 18:59:00