×
A
A
A
Sazlamalar

Muxtar respublikada aqrar sahədə maarifləndirmə işləri davam etdirilir

Naxçıvan, 14 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi cari ilin iyul ayında da fəaliyyətini nazirliyin illik iş planının və Dövlət proqramlarının icrası istiqamətində həyata keçirib.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay nazirlik əməkdaşları tərəfindən yaz işlərinin optimal müddətdə aparılması, vegetasiya müddətində aqrotexniki tədbirlərdən düzgün istifadə edilməsi, biçin başa çatdıqdan sonra sahələrdən küləşin çıxarılması və keyfiyyətli şum aparılaraq təkrar əkinlərə, həmçinin payız əkinlərinə hazırlıq işlərinin görülməsi, tərəvəz sahələrindən və meyvə bağlarından yığılan məhsulların soyuducu anbarlarda saxlanılması, eləcə də şənbə-bazar günləri keçirilən kənd təsərrüfatı yarmarkasına çıxarılması barədə sahibkarlar və ailə təsərrüfatı üzvləri ilə maarifləndirici söhbətlər aparılıb.
Ay ərzində Babək, Culfa və Şərur rayonlarından olan təsərrüfat sahibləri üzümlüklərdə, meyvə bağlarında həyata keçirilən kompleks tədbirlər və təkrar əkinlərin əlverişli üsullarla aparılması ilə bağlı nazirliyə müraciət edib. Müraciət olunan məsələlərlə bağlı lazımi tövsiyələr verilib, əməli köməkliklər göstərilib.
Hesabat dövründə “Araz” Elm-İstehsalat Birliyində Elmi şuranın iclası keçirilib, tədqiqat və təsərrüfat işləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Birliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı başçıları tərəfindən gətirilən torpaq nümunələri analiz olunaraq tərkibindəki qida maddələri barədə onlara məlumat verilib. Taxıl bitkilərinin seleksiyası, bitki mühafizəsi və toxumçuluq şöbəsi tərəfindən payızlıq buğda sortu üzərində tədqiqat, seleksiya və seçmə işləri sona çatıb. Sahələrdə aprobasiya aparılıb, nümunə dərzləri götürülüb. Hazırda məhsuldarlıq göstəriciləri araşdırılır.
Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinə iyul ayında 47 ayrı-ayrı ailə təsərrüfatçıları, fermerlər tərəfindən meyvə bağı əkinlərində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə gətirilən nümunələrə baxılıb, həmçinin xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə idarənin mütəxəssisləri tərəfindən həmin sahələrə baxış keçirilib, tələb olunan mübarizə tədbirləri haqqında sahibkarlara məsləhətlər verilib. Yay otlaqlarından səmərəli istifadə, qoyunlara zootexniki qaydalara uyğun qulluq edilməsi, mal-qara arasında baytarlıq tədbirlərinin vaxtında aparılması və yovşan bitkisinin əhəmiyyəti haqqında sahibkarlarla fərdi qaydada maarifləndirici görüşlər keçirilib.

Regionlar 2020-08-14 18:29:00