×
A
A
A
Sazlamalar

Bərdəli gənclər pandemiyaya qarşı mübarizədə fəal iştirak edirlər

Bərdə, 14 avqust, AZƏRTAC

Gənclər Bərdə rayonunda COVID-19 pandemiyasına qarşı mübarizədə fəal iştirak edirlər. Rayonda yaradılmış mobil qruplara qoşulan gənclər monitorinqlərdə iştirak edir, sakinlərlə maarifləndirici söhbətlər aparır, vətəndaşlara tibbi maska, əlcək və məlumatlandırıcı bukletlər paylayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “COVID-19 ilə mübarizə” adlı videokonfransda danışılıb.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, pandemiyaya qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub, bütün dövlət qurumlarına əsas diqqəti bu sahəyə yönəltməyi tapşırıb. Koronavirusa qarşı görülən ciddi tədbirlər müsbət nəticəsini verib, sağalanların sayı yoluxanların sayını üstələyib.
Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Yeganə Hüseynova konfrans iştirakçılarına koronavirus infeksiyası barədə geniş məlumat verib.
Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli, fəal gənclər Elmir Məmmədov, Nigar Məmmədzadə mövzu ilə bağlı çıxışlarında bildiriblər ki, insanlar dünyanı cənginə alan bu virusla bağlı nə qədər çox məlumatlı olsalar, xəstəlikdən bir o qədər yaxşı qoruna bilərlər. Hər kəs, o cümlədən gənclər bu məsələdə diqqətli olmalı, Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etməlidir.
Videokonfransda COVID-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı gənclərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2020-08-14 16:51:00