×
A
A
A
Sazlamalar

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin roluna dair müzakirələr aparılıb

Bakı, 14 avqust, AZƏRTAC

Avqustun 14-də Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana hərbi təcavüzü və erməni təxribatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda onlayn forum keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, forumda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər.
Gənclər Fondunun “Facebook”dakı rəsmi səhifəsi vasitəsilə canlı yayımlanan görüşdə gənclərin sualları cavablandırılıb. Natiqlər Azərbaycan həqiqətlərinin gənclər tərəfindən dünyaya çatdırılmasındakı mühüm roluna, gənclərin bu sahədə fəaliyyətlərini düzgün qurmalarının əhəmiyyətinə və dünyanın hər yerində yaşayan gənclərimizin şəbəkələşərək vahid amal uğrunda birləşmələrinin vacibliyinə toxunublar.
Eyni zamanda, çıxış edənlər xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Ordusuna dəstək məqsədilə keçirdikləri aksiyaların əhəmiyyətini vurğulayıb, müasir gəncliyimizin vətənpərvərlik anlayışının geniş olmasını, təhsilli və fərdi inkişafı vasitəsilə Vətənə xeyir verməyə çalışdıqlarını təqdirəlayiq hal kimi dəyərləndiriblər.

Sosial 2020-08-14 16:47:00