×
A
A
A
Sazlamalar

Sosial sahibkarlıqla bağlı ictimai müzakirələrə start verilib

Bakı, 14 avqust, AZƏRTAC

Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər. Bu sahə Azərbaycanda yeni olmasına baxmayaraq, artıq müəyyən addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, təhsil və sosial sahibkarlıq sahəsində ixtisaslaşan “Education HUB” ictimaiyyətin diqqətini bu sahəyə yönəlmək üçün silsilə müzakirələrə başlayıb. Müzakirələrdə sosial sahibkarlığın Azərbaycan qanunvericiliyində hüquqi bazası, sosial sahibkarlığın ölkəmizə gətirdiyi və gətirə biləcəyi faydalar, eləcə də ortaya çıxan çətinliklər müzakirə edilib.
İlk müzakirənin moderatorları hüquqşünas Abil Bayramov və “Education HUB”un proqram meneceri Gülnarə İsmayılova olublar.
Sosial sahibkarlar Vüsalə Məhərrəmova, Sara Rəcəbli, Reyhan Məmmədova, Ülviyyə Babayeva çıxışlarında bu sahədə maarifləndirmə işinin vacibliyini vurğulayaraq sosial sahibkarların cəmiyyət üçün gətirdiyi dəyərlər haqda danışıblar.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti proqramının təqaüdçüsü Arzu İsmayılova sosial sahibkarlıqda innovativ təşəbbüslərin önə çəkilməsinə xüsusi diqqət yetirib. Müzakirənin iştirakçıları sosial sahibkarlığın qanunvericiliklə hüquqi statusunun tənzimlənməsi, vergi güzəştlərinin hazırlanması və sair məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
“Education HUB” tərəfindən Sosial Sahibkarlar Assosiyasının yaradılması təşəbbüsü irəli sürülüb və iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Sosial 2020-08-14 13:42:00