×
A
A
A
Sazlamalar

Biləsuvar polisi pandemiya dövründə tənha insanlara yardımlarını davam etdirir

Biləsuvar, 14 avqust, Bağır Əliyev, AZƏRTAC

Polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etmək və profilaktiki tədbirlər keçirməklə yanaşı, vaxtaşırı olaraq köməyə ehtiyacı olan və tək yaşayan vətəndaşlara yardım işini də həyata keçirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilmiş rayonun Nəsimikənd sakini A.Səfərova tək yaşadığı üçün ərzaq tələbatı mallarından ibarət bağlama çatdırıblar.
Şöbənin əməkdaşları sosial məsafə qaydalarına uyğun olaraq apardıqları söhbət zamanı A.Səfərovun ehtiyacları ilə maraqlanıb və ona bir daha xatırladılıb ki, yaşadığı yeri tərk edib başqaları ilə təmasda olması həyat və sağlamlıq baxımından təhlükəlidir. Buna görə də zəruri məsələlərlə bağlı hər an polisə müraciət edə bilər.
A.Səfərov göstərilən diqqətə və ev şəraitində müalicə aldığı dövrdə gündəlik olaraq onun qayğıları ilə maraqlandıqlarına görə polis əməkdaşlarına minnətdarlığını bildirib.

Regionlar 2020-08-14 13:38:00