×
A
A
A
Sazlamalar

Bu vaxtadək Bakı–Tbilisi–Ceyhan kəməri ilə 462 milyon tondan çox neft daşınıb

Bakı, 13 avqust, AZƏRTAC

Cari ilin ilk yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 15 milyon ton (113 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 145 tankerə yüklənib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, altı ayda BTC üzrə əməliyyat xərclərinə təxminən 48 milyon dollar, əsaslı xərclərə isə təqribən 14 milyon dollar sərf olunub.
1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ikinci rübünün sonunadək BTC ilə ümumilikdə 462 milyon tondan çox (təxminən 3,47 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4526 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
“BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.

Neft - qaz 2020-08-13 17:50:00