×
A
A
A
Sazlamalar

İlin birinci yarısında Gürcüstanda 27 min 800 cinayət faktı qeydə alınıb

Tbilisi, 10 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında Gürcüstanda 27 min 800 cinayət hadisəsi qeydə alınıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qeydə alınan cinayət hadisələrinin yalnız üçdəbirinin üstü açılıb. Digər faktlarla bağlı araşdırmalar davam etdirilir.
Məlumata görə, hər ay Gürcüstanda orta hesabla 5 min – 5,5 min cinayət faktı qeydə alınıb. Ən az hadisə pandemiya dövründə - aprel ayında qeydə alınıb. Həmin dövrdə fövqəladə vəziyyət rejimində ölkə əhalisinin əksəriyyəti evdə olub.
Qeydə alınan cinayətlər sırasında oğurluq faktları üstünlük təşkil edib. Hesabat dövründə ölkədə 8700 oğurluq hadisəsi qeydə alınıb. Bu cinayətlərin də 21,4 faizinin üstü açılıb.
Cinayətkarlıqda ikinci yerdə ailədaxili zorakılıq dayanır. Birinci yarımildə 2600 belə fakt qeydə alınıb və bu hadisələrin 64,25 faizinin üstünün açılması təmin edilib.
Ölkədə qeydə alınmış cinayətlərin 1800-ü narkotiklərlə bağlı olub. Bu qəbildən olan cinayətlərin 74,26 faizinin üstü “isti izlər”lə açılıb.
Hesabat dövründə Gürcüstanda 19-u xüsusi qəddarlıqlıa törədilməklə 53 adamöldürmə, 216 qəsdən sağlamlığa qəsd, 40 zorlama, 6 insan alveri, 17 rüşvətalma və 1 terrorizm cinayəti qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-08-10 16:02:00