×
A
A
A
Sazlamalar

Muxtar respublikada qanunvericiliyin tələbləri diqqət mərkəzində saxlanılır

Naxçıvan, 10 avqust, AZƏRTAC

Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant vəzifələrin tutulması üçün 2 nəfərin iştirakı ilə test imtahanları keçirilib. Bundan əlavə, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 5 daxili müsahibədə komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.
Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikasında şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə iyulun 20-də şahmat fənnini tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiyası keçirilib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində keçirilən sertifikasiya imtahanında 20 müəllim iştirak edib, test tapşırıqlarının ən azı 50 faizini düzgün cavablandırmış 18 nəfər müvafiq keçid balını toplayıb.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamın icrasının təmin edilməsi məqsədilə “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” startap layihəsi rayonlarda həyata keçirilib. Komissiyanın əməkdaşları və könüllülər iyulun 21-də Şərur rayonunda, 24-də isə Ordubad rayonunda vətəndaşlara səyyar xidmət göstəriblər. Xidmət zamanı işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştirak etmək istəyən 77 vətəndaşa operativ köməklik göstərilib.
İyul ayında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində vakant vəzifələrin tutulması üçün və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrə sənəd qəbulu davam etdirilib. İyulun 15-də müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə 193 vakant vəzifə çıxarılıb və sənəd qəbulu avqustun 17-dək davam edəcək. İyulun 29-da dövlət vergi orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə 20 vakant vəzifə çıxarılıb. Müsabiqəyə sənəd qəbulu avqustun 31-dək davam edəcək.
Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ehtiyat kadrlar siyahısında olan 21 namizəddən 2-si işlə təmin olunub. İyul ayında komissiya tərəfindən təşkil olunmuş hazırlıq kurslarında 117 nəfər, həmçinin sınaq imtahanlarında 80 nəfər iştirak edib. Keçirilən bütün tədbir, seminar və test imtahanlarında sosial məsafə qorunub, tibbi maskalardan istifadə olunub və digər sanitar-gigiyenik tələblərə əməl edilib.

Regionlar 2020-08-10 15:35:00