×
A
A
A
Sazlamalar

Muxtar respublikada ötən ay 702 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb

Naxçıvan, 10 avqust, AZƏRTAC

İyul ayında muxtar respublikada 702 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 556 texniki sənəd hazırlanıb, yeni yaranmış 35 daşınmaz əmlak obyektinə ünvan verilib, həmçinin 104 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə əlaqədar rayonun Babək şəhəri, Cəhri və Nehrəm qəsəbə inzibati ərazi dairələrinin, ərazi vahidlərinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri hazırlanıb. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Babək rayonunun Nehrəm qəsəbəsinin və Araz kəndinin ərazisində aparılan monitorinqlər başa çatdırılıb, aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılıb. Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun 5 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılıb.
Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 55 vətəndaşın müraciətinə baxılıb. 21 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.

Regionlar 2020-08-10 14:51:00