×
A
A
A
Sazlamalar

Videokonfransda pandemiyaya qarşı mübarizədə könüllülərin rolundan danışılıb

Şəki, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə Şəki rayonunda maarifləndirmə tədbirləri davam etdirilir. Şəki Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Pandemiyaya qarşı mübarizədə könüllülərin rolu” mövzusunda onlayn videokonfransda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin aradan qaldırılmasında ictimai maarifləndirmə tədbirlərinin əhəmiyyəti və Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılmasında gənc könüllülərin üzərinə düşən vəzifələr geniş müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov açaraq, koronavirus pandemiyasının bu gün bəşəriyyətin ən ciddi problemlərindən biri olduğunu, dünyanın hər yerində bu qorxulu pandemiyanın qarşısının alınması üçün ciddi mübarizənin aparıldığını bildirib. Qeyd olunub ki, bu mübarizədə ən səmərəli vasitələrdən biri də təbliğatdır. İdarə rəisi Şəki rayonunda da koronavirusla mübarizə məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini və bu işdə könüllülərin qüvvəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Videokonfransda Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini Sərxan Musayev çıxış edərək, pandemiyanın yaranması və yayılması, xəstəliyin qarşısının alınması üçün aparılan profilaktik tədbirlər barədə ətraflı məlumat verib.
Şəhər icra hakimiyyətinin könüllülər üzrə koordinatoru Ziyad Ələkbərli çıxışında şəkili könüllülərin pandemiya dövründəki fəaliyyətindən, keçirilən tədbirlərdəki fəal iştirakından bəhs edib.
Şəhər icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov xüsusi və sərtləşdirilmiş karantin rejimi günlərində Şəki rayonunda həyata keçirilən genişmiqyaslı tədbirlər, xüsusi qayğıya ehtiyacı olan ailələrə göstərilən yardımlar barədə danışıb, bu yardımların, tibbi ləvazimatların vətəndaşlara çatdırılmasında gənc könüllülərin fəaliyyətini xüsusi vurğulayıb.

Regionlar 2020-08-08 21:40:00