×
A
A
A
Sazlamalar

Braziliyanın Amazon meşələrindəki yanğınlar iyul ayında 28 faiz artıb

Madrid, 5 avqust, AZƏRTAC 

Ekoloji qruplar yanğınların artma tendensiyası barədə xəbərdarlıq edir və 2019-cu ilin faciəsinin təkrarlana biləcəyini hesab edirlər.
AZƏRTAC xəbər verir ki, planetin ən iri tropik meşəsi olan Braziliya Amazonunda ötən il əsl faciəyə çevrilmiş meşə yanğınları bu il də təkrarlana bilər.
Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatına görə, iyul ayında yanğınların sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıb və yaxın aylarda daha da genişlənəcəyi ehtimal edilir.
Ötən ay peyklə aparılmış çəkilişlərdə 6803 yanğın ocağı müşahidə edilib, təkcə iyulun 30-da Amazon cəngəlliklərində 1007 yanğın ocağı qeydə alınıb. “Greenpeace Brazil” təşkilatının məlumatına görə, bu, son 15 il ərzində iyul ayı üçün ən yüksək göstəricidir.
Bu yaxınlarda Prezident Jair Bolsonaru hökumətinin beynəlxalq təzyiq qarşısında açıqladığı tədbirlərə baxmayaraq, ekoloji qruplar yanğınların artma tendensiyası barədə xəbərdarlıq edir və 2019-cu ilin faciəsinin təkrarlana biləcəyini hesab edirlər.
İyunun əvvəlində Amazon regionunda ekoloji cinayətkarlığın, o cümlədən qanunsuz ağac kəsiminin qarşısının alınması üzrə əməliyyat həyata keçirilib. Bir aydan sonra isə qarşıdakı 120 gün ərzində cəngəlliklərdə oddan istifadəyə qadağa qoyulması barədə elan edilib. Bu, tarla işləri ilə bağlı olub.
Amazondakı daha əvvəl meşələrin seyrəkləşdiyi rayonlarda yanğınların çoxalması ekoloji sistemin qarşılaşdığı və son vaxtlar pisləşən ən ciddi problemlərdən biridir.
“Greenpeace”in məlumatına görə, 2004-2012-ci illərdə Amazon hövzəsində meşələrin qırılması 80 faiz azalıb, lakin 2012-ci ildən, xüsusən də son iki ildə seyrəkləşmə yenə də aktivləşib. J.Bolsonaru hökumətinin meşələrin qırılması hesabına əkin sahələrinin artırılmasına yönələn kənd təsərrüfatı siyasəti 2020-ci ilin birinci yarımilliyində meşələrin qırılmasının 25 faiz artması ilə nəticələnib.
Bu yaxınlarda Braziliyanın vitse-prezidenti general Amilton Mouran meşələrin qorunması təmin edilmədiyi təqdirdə ölkədən gedəcəkləri ilə hədələyən investorların təzyiqi altında Amazonda baş verən dağıntıların qarşısını almaqdan ötrü “mümkün tədbirlər görəcəyini” vəd edib.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2020-08-05 18:32:00