×
A
A
A
Sazlamalar

Kanadanın Kalqari şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı ucaldılıb

Bakı, 1 avqust, AZƏRTAC

Kanadanın Kalqari şəhərində Azərbaycan icmasının üzvlərinin dövlətimizə və ordumuza dəstək yürüş-mitinqi təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızın ucaldılması ilə başlayıb. Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.
Günün ikinci yarısında isə “Olimpik Plaza” binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 həmvətənimiz qatılıb. Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin fotoşəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib. Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.
Tədbir Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin son təxribatlarının qarşısının alınması zamanı qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb. Karantin rejimi qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.

 

Diaspor 2020-08-01 19:05:00