×
A
A
A
Sazlamalar

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ermənilərin son təxribatlarını pisləyən bəyanat verib

Tokio, 29 iyul, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi dünyanın müxtəlif şəhərlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri təxribatları pisləyən bəyanatla çıxış edib.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib.
X.Kələntər bildirib ki, bəyanatın yayılmasında məqsəd iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz rayonu istiqamətində törətdiyi hərbi hücumla bağlı dünyanın bir sıra ölkələrində yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdiyi təcavüzə və vandalizm aktlarına Yaponiya ictimaiyyətinin diqqətinin cəlb etməkdir.
Bəyanatda ABŞ-ın Los-Anceles şəhərində keçirilən aksiya zamanı erməni gənclərin üzərində “ASALA” (“Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu”) yazılmış köynəklər geyinərək hərəkət etməsi barədə internetdə yayılan fotoların böyük narahatlıq yaratdığı xüsusi qeyd edilir. Bildirilir ki, həmin aksiya zamanı 3 mindən çox erməni polis səddini aşaraq oradakı 50 azərbaycanlıya hücum edib. Nəticədə altı nəfər, o cümlədən azərbaycanlı qadınlar xəstəxanaya yerləşdirilib. Onlardan biri hələ də reanimasiya şöbəsindədir. Belə bir cinayətin Belçikanın Brüssel şəhərində törədildiyi də vurğulanıb.
Bildirilir ki, hazırda Los-Anceles polisi bu hücumu azərbaycanlılara qarşı nifrət zəminində törədilmiş cinayət kimi araşdırır.
Sənəddə iyulun 12-dən sonra internetdə Avropanın bir çox şəhərlərində ermənilərin dinc azərbaycanlı nümayişçilərə hücum etməsi barədə çoxsaylı videoların olduğuna diqqət yönəldilir. Həmin videolarda ermənilərin dinc azərbaycanlıları izləməsi və onlara xəsarət yetirməsi aydın görünür.
Bəyanatda yapon deputatlar üçün “ASALA” təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində törədilən terror aktları barədə ətraflı məlumat da öz əksini tapıb. Qeyd edilib ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 1984-cü ildə tərtib etdiyi “Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu: davam edən beynəlxalq təhlükə” adlı hesabatında 1970-ci ildən sonra bu təşkilatın törətdiyi cinayətlər barədə ətraflı məlumat verilib.
Vurğulanıb ki, Yaponiyanın Azərbaycan icmasının üzvləri bu ölkənin parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa və həm Yaponiyada, həm də dünyanın istənilən nöqtəsində təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırır.
Sənəddə, həmçinin Ermənistan dövlətindən Azərbaycana qarşı işğalçı siyasəti dayandırması, qonşu dövlətlərin ərazilərini işğal yolu ilə “böyük Ermənistan dövləti”nin yaradılmasına xidmət edən siyasətindən əl çəkməsi tələb edilir. Vurğulanır ki, bu regionda və bütün dünyada sülhün bərqərar olması məhz Ermənistanın öz ekspansionist siyasətindən əl çəkməsi nəticəsində mümkün ola bilər.
Bəyanata erməni təcavüzünü və vandalizmini təsdiq edən fotolar da əlavə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2020-07-29 17:46:00