×
A
A
A
Sazlamalar

Ötən iki ayda ölkədən azot gübrəsi ixrac edilməyib

Bakı, 16 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkədən 50 min 438 ton azot gübrəsi ixrac edilib. Hesabat dövründə ixrac edilən azot gübrəsinin dəyəri isə 7 milyon 365,2 min ABŞ dolları olub. Altı ayda ixraca göndərilən azot gübrəsinin həcmi yanvar-aprel aylarındakı göstərici ilə eyni olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Qeyd edək ki, keçən il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu (azot gübrəsi) istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan verəcək. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro cəlb edilib.

Sənaye 2020-07-16 18:18:00