×
A
A
A
Sazlamalar

Samuxda 39,5 kilometrlik yolun yenidən qurulması davam edir VİDEO

Bakı, 13 iyul, AZƏRTAC

Yeddi yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39,5 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunlar 28,1 kilometr uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4,6 kilometr, Qarabağlı yolunun uzunluğu 2,8 kilometr, Salahlı yolunun uzunluğu isə 4 kilometr təşkil edir.
Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa edilir, zəruri olan yerlərdə yeniləri qurulur. Eyni zamanda, Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılır. Analoji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında görülür.
Hazırda mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, qruntun yayılaraq profilə salınması və kipləşdirilməsi işləri aparılır. Torpaq yatağı hazır olan hissələrdə yol əsasının alt və üst layının tikintisi işləri həyata keçirilir. Sözügedən yollarda müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilir.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hazırda yollar boyu yol əsası hazır olan ərazilərdə əlaqələndirici bitum səpilməklə 230 min kvadratmetrdən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər görüləcək. Belə ki, zəruri yol nişanı, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək, avtobus dayanacaqları quraşdırılacaq.
Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq. Ümumilikdə isə bu layihə yolboyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək.

 

Regionlar 2020-07-13 12:40:00

Video