Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İstedadlı həmyerlimizin yeni videoklipi təqdim edilib VİDEO

Berlin, 10 iyul, AZƏRTAC

Almaniyada yaşayan həmyerlimiz, istedadlı skripkaçı Fəridə Rüstəmovanın iştirakı ilə müəllif videoklipi “YouTube” kanalında təqdim edilib.
Bu barədə AZƏRTAC-a musiqiçinin özü xəbər verib. O, söhbətində bildirib ki, bu günlərdə onu “Pyer M Krauze” alman teleşousunda çıxışa dəvət ediblər. Bu teleşou populyarlığına görə Rusiya televiziyasında yayımlanan “Veçerniy Urqant”la müqayisə edilə bilər. Teleşounun müəllif Pyer M Krauze Fəridədən öz zövqünə uyğun, “güclü, fədakarlıqla, əminliklə səslənən” mahnı seçməsini xahiş edib. Skripkaçı özünün sevimli bəstəkarı olan Hans Zimmerin bir əsərini - baş rollarda Tom Henks və Odri Totunun çəkildiyi “Da Vinçi kodu” kinofilminə yazdığı “Chevaliers de Sangreal” melodiyasını ifa etmək qərarına gəlib.
“Mən şouda uğurla çıxış etdim. Mənə tanımadığım adamlardan məktublar gəlməyə başladı. Onlar mənim çıxışıma heyran olmuşdular və bir daha ifamı dinləmək istəyirdilər. Bu musiqiyə videoklip çəkmək ideyası bax beləcə yarandı”, - deyə musiqiçi bildirib.
Fəridənin sonuncu klipini çəkən rejissor və fotoqraf Mariya Çistyakova ona Baden-Vürtemberqd federal əyalətindəki Frauenlob şəhərini göstərib. Burada müəyyən mənada antik teatrları xatırladan məşhur monastırın xarabalıqları yerləşir.
“Mən o dəqiqə başa düşdüm ki, öz klipimizi məhz burada çəkəcəyik”, - deyə Fəridə etiraf edib. O, almaniyalı rejissor Mixa Rotuya klipin çəkilişlərini öz üzərinə götürməyi xahiş edib. Bu heyrətamiz yerlərin bütün gözəlliyini təsvir etmək və tarixlə bağlılığını vurğulamaqdan ötrü çəkilişlərdə drondan istifadə edilib.
“Mənim kliplərimin çəkilişlərində hər dəfə müxtəlif rejissorlar işləyir, lakin ideya və ssenarilər daim mənə məxsusdur. Onlar mənim düşüncələrimi videoklipə köçürməyə yardım edirlər. Çox xoşbəxtəm ki, bu, olduqca gözəl alınır”, - deyə Fəridə vurğulayır.
Onun sözlərinə görə, hər şey ideyanın yaranmasından başlayır. Bu ideya həyata keçməyənədək onu rahat buraxmır. Aktyorların, geyimlərin, musiqinin seçimi və tamamilə bütün təşkilati işlərlə - məşqlərin vaxtından başlanmış video üzərində ən son cizgilərədək hər şeylə Fəridə özü məşğul olur. Buna görə də o, etiraf edir ki, belə layihələr çox vaxt və enerji tələb edir. “Mən bu layihələri sevirəm. Sadəcə olaraq, bununla yaşayıram”, - deyə Fəridə bildirir.
Təqdim olunan videoklipdə Fəridə Karlsrue Konservatoriyasında birgə təhsil aldığı istedadlı violonçelçalan Vasili Bıstrov ilə duetlə çıxış edir. “O da mahnılara “kaver”lər edir, “YouTube”da öz kanalı var, həmçinin “Instagram”ın fəal istifadəçisidir”, - deyə istedadlı musiqiçi sonda vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Mədəniyyət 2020-07-10 14:12:00

Video