×
A
A
A
Sazlamalar

Muxtar respublikada keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılıb

Naxçıvan, 9 iyul, AZƏRTAC 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya iyun ayında da öz fəaliyyətini gücləndirib, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra edib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət edilib və 1 dövlət orqanının qanunauyğun olmayan 2 qərarı ləğv etdirilib.
Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ay ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan bir nəfər işlə təmin olunub. Ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib. 10 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 18 namizəddən 10-u test imtahanında iştirak edib, namizədlərdən 5-i müvafiq keçid balını toplayıb. Ötən ay Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test mərhələsi keçirilib. Müsabiqəyə 27 vakant vəzifə çıxarılıb, keçirilmiş test imtahanlarında 12 namizəd iştirak edib, 7 nəfər keçid balını toplayıb. Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün keçirilmiş test imtahanlarında 150 namizəd iştirak edib və onlardan 130-u müvafiq keçid balını toplayıb. Keçid balını toplamış namizədlərin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilib.
İyun ayında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müvafiq dövlət orqanlarının müraciətləri nəzərə alınmaqla vakant sektor müdiri vəzifələrinin tutulması üçün 2 nəfərin iştirakı ilə test imtahanı keçirilib. Sektor müdiri vəzifələrinin tutulması üçün keçirilmiş test imtahanlarında müvəffəqiyyət qazanaraq sertifikat əldə etmiş 2 nəfərin müsahibə mərhələsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi qismində iştirak edilib. Bundan əlavə, müvafiq dövlət orqanları tərəfindən 17 dövlət qulluqçusunun iştirakı ilə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə müsahibə komissiyasının üzvü kimi iştirak edilib.
Hesabat dövründə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vergi, dövlət qulluğu və müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 108 namizəd iştirak edib. Komissiya tərəfindən 18 sentyabr 2019-cu il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan 59 nəfərin iştirakı ilə 12 iyun 2020-ci il tarixdə Dövlət Bayrağı Muzeyində təntənəli andiçmə mərasimi olub. Maliyyə Nazirliyinin 20, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 26 əməkdaşının iştirakı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib.
Ay ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində və müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu davam etdirilib. Keçirilən tədbirlər və test imtahanlarında sosial məsafə qorunub, tibbi maskalardan istifadə olunub və digər sanitar-gigiyenik tələblərə əməl edilib.

Regionlar 2020-07-09 14:57:00