×
A
A
A
Sazlamalar

Sloveniyada keçirilən aksiyalarda hökumətin istefası tələb edilir

Lyublyana, 6 iyun, AZƏRTAC
Sloveniyanın paytaxtı Lyublyana şəhərində parlament binasının qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilir.
AZƏRTAC xəbər verir ki, bir neçə min şəxsin qatıldığı aksiya “Lyublyana anarxist təşəbbüsü”nün təşkilatçılığı ilə baş tutub. May ayının əvvəlindən keçirilən aksiyalarda hökumət korrupsiyada ittiham olunur, Baş Nazirin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb edilir. Bir sıra müxalifət partiyaları (solçular, sosial-demokratlar, “Maryan Şaretsin siyahısı”) bu aksiyaları dəstəkləyir.
Ölkədə 200-dən çox şəxsin toplanmasına qadağa qoyulsa da, polis əməkdaşları icazəsiz keçirilən aksiyanın iştirakçılarından heç kimi saxlamayıb.
“Balkonlardan velosipedlərə" devizi altında baş tutan etirazlarda nümayişçilər həftəlik intervalla velosiped yürüşləri təşkil edir və hökumət binalarını dövrəyə alaraq mitinqlər keçirirlər.
Qeyd edilməlidir ki, Sloveniyada hökumət böhranı bu ilin yanvar ayının sonunda başlayıb. Yanvarın 27-də Baş Nazir Maryan Şarets rəhbərlik etdiyi kabinetlə struktur islahatlarının həyata keçirilməsinin mümkün olmadığını bildirərək istefa vermişdi. İstefadan sonra onun rəhbərlik etdiyi partiya növbədənkənar parlament seçkilərinə hazırlaşmağa başlasa da, müxalifətdə olan Sloveniya Demokratik Partiyası (SDP) M.Şaretsin koalisiyasına daxil olan partiyalarla yeni hökumətin qurulması barədə razılıq əldə etdi. Parlamentdəki 90 mandatdan 48-nə sahib olan yeni koalisiya növbədənkənar seçkilərə gedilməsinin qarşısını aldı və Yaneş Yanşa yeni hökumətə rəhbərliyi öz üzərinə götürdü. Pandemiya dövründə hökumətin fəaliyyəti, tibbi maska və ləvazimatların alınmasında korrupsiya hallarına yol verilməsi və vətəndaş hüquqlarının məhdudlaşdırılması iddiaları hazırkı etirazlarda ön planda dayanır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana

Dünya 2020-06-06 12:00:00