×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikasında ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülür

Naxçıvan, 5 iyun, AZƏRTAC

BMT Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli Qərarına əsasən iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilib. Həmin gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

Muxtar respublika ərazisinin 27 faizdən çoxu xüsusi mühafizə olunur, fauna ehtiyatları qorunur

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ulu öndər Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə əsasını qoyduğu təbiəti mühafizə tədbirləri bu gün də uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə füsunkar təbiətə malik diyarımızda əlverişli ekoloji mühitin yaradılması məqsədilə dövlət proqramları qəbul edilib, ardıcıl tədbirlər görülüb. Muxtar respublika ərazisinin 27 faizdən çoxunun xüsusi mühafizə olunması, fauna ehtiyatlarının qorunması məqsədilə ova qadağaların qoyulması, yaşıllıqların artırılması sahəsində görülən işlər nüfuzlu təşkilat və ekspertlər tərəfindən nümunə kimi qəbul edilir. Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin muxtar respublikada təbiəti mühafizə sahəsində görülən işləri çox yüksək qiymətləndirməsi bunu bir daha təsdiq edir.
Muxtar respublika ərazisində təbii-iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Meşələrin qorunması ilə yanaşı, yeni yaşıllıqların salınması istiqamətində də mühüm işlər görülür. Bu tədbirlərin əsası Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə qoyulub. Həmin illərdə blokada çətinliklərinə baxmayaraq, Ümummilli Liderimizin səyi nəticəsində muxtar respublikada iməciliklərin keçirilməsinə başlanılıb, təbiətin, yaşıllığın qorunması və bərpası işlərinə diqqət artırılıb. Son illər muxtar respublikada yaşıllıqların sahəsi 10 dəfədən çox artıb. Muxtar respublikada aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə yanaşı, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması diqqətdə saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublika ərazisində min hektarlarla meyvə bağları salınıb. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə damcı yolu ilə suvarma sistemləri qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Ekoloji təhlükəsizliyin təmin olunmasında meşə fondunun zənginləşdirilməsi mühüm rol oynayır. Son dövrlər muxtar respublikanın artan sənaye potensialı, yeni istehsal sahələrinin yaradılması həyata keçirilən ekoloji siyasətin əsas istiqaməti kimi yaşıllaşdırma tədbirlərinin əhəmiyyətini daha da artırır”.

Vaxtilə muxtar respublika ərazisində yaşıllıqların həcmi 0,6 faiz olmuşdusa, bu gün həmin rəqəm 20 faizə çatıb

Yaşıllaşdırma tədbirlərinin yalnız kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə aparılması torpaqların münbitliyinin bərpa olunmasında da xüsusi amilə çevrilib. Hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülüb. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici 0,6 faizə bərabər idi. İnkişaf etmiş ölkələrdə bu göstərici ümumi ərazilərin yalnız 10-15 faizini təşkil edir.
Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii-iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa işlərinə də ayrıca xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənib. 1969-cu ildə Ordubad Dövlət Təbiət Yasaqlığı, 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Bundan başqa, ölkə başçısının 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması təbiəti mühafizə ilə yanaşı, ekoturizmin inkişafına da əlverişli şərait yaradıb.

 

Təbiətin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir

Naxçıvan təbiətinin zənginliyi burada nadir bitki və heyvan növlərinin mövcudluğuna imkan verir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi muxtar respublikanın flora və fauna müxtəlifliyinin qorunmasına və zənginləşdirilməsinə öz müsbət təsirini göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı Kitab” çap edilib. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüzillik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrübi, tarixi əhəmiyyətə malik obyektlər, təbiət kompleksləri təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılıb. Müasir dünyamızda turizmin ən çox inkişaf sahəsi olan ekoturizmin və kənd yaşıl turizmin əsasını da məhz bu təbii zənginliklər təşkil edir. Bu baxımdan təbiət abidələrinin qorunması həm də mühüm iqtisadi əhəmiyyətə malikdir. 1995-ci illə müqayisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4 dəfəyə yaxın çoxalıb.
Ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin mühüm rolu vardır. Ona görə də muxtar respublikada insanların ətraf mühit və ekoloji təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ətraf mühitin birgə mühafizəsinə cəlb olunması diqqət mərkəzində saxlanılır, bu məqsədlə ardıcıl tədbirlər görülür.

Dünya təbiətinin nadir növlərindən olan bəzi canlıların yaşam arealı genişlənib

Muxtar respublikanın fauna ehtiyatlarının, quşların, məməli heyvanların inventarlaşması, sayının aparılması ildə iki dəfə həyata keçirilir. Milli park, yasaqlıq və digər təbiət ərazilərində aparılmış inventarlaşma, ümumilikdə, fauna ehtiyatlarının ayrı-ayrı növlər üzrə müxtəlif artım tempini müəyyən edib. Belə ki, nadir növlərdən olan muflon, bezoar dağ keçiləri muxtar respublika ərazisində xeyli artıb. Onlar sürü şəklində Şahbuz, Şərur, Ordubad və Culfa rayonlarının ərazisində müşahidə olunur. Bu heyvanların artımı dünya təbiətinin nadir növlərindən olan bəbir ailəsinin yem bazası olduğundan onların yaşam arealı genişlənib. Hazırda bəbirlərin 9 fərdinin yaşaması qeydə alınıb. Ümumilikdə, quşların sayında 7-10 faiz, məməli heyvanların sayında 10-12 faiz artım müşahidə olunub.
Muxtar respublika ərazisinə daxil olan çaylarda suların mövcud vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə 2019-cu ildə Sədərək Rayon Su Monitorinq Laboratoriyası istifadəyə verilib və müasir tipli cihazlarla təmin olunub. Son illərdə muxtar respublika ərazisində hidrometeoroloji fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Sədərək, Culfa və Naxçıvan meteoroloji stansiyalarında hava məlumatlarının alınması üçün müasir tipli avadanlıqlar quraşdırılıb. Bu cihazlarla lazım olan meteoroloji məlumatlar GPRS vasitəsilə mərkəzləşdirilmiş serverə ötürülür və arxivləşdirilir.
Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan təbii sərvətlərin öyrənilməsi, ehtiyatın müəyyənləşdirilməsi məqsədilə kəşfiyyat işlərinin aparılması da diqqətdə saxlanılır. Bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində qurulması məqsədilə Culfa şəhərində müasir tələblərə cavab verən geoloji baza tikilərək geoloqların istifadəsinə verilib. Geoloji bazada muxtar respublikanın mineral xammal bazasını təbliğ edən geoloji muzey də qurulub. Burada istifadəyə verilən və müasir laborator avadanlıqlarla təchiz edilmiş geoloji tədqiqat laboratoriyası qazıntılar zamanı əldə edilmiş süxur nümunələrinin ölkəmizdən kənara aparmadan burada öyrənilməsinə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin səmərəli qurulması, müasir dövrün tələblərinə uyğunlaşdırılaraq təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni Əsasnaməsi təsdiq edilib. Nazirlik Əsasnaməyə uyğun olaraq təbiətin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, biomüxtəlifliyin zənginləşdirilməsi, təbii sərvətlərdən məqsədyönlü və səmərəli istifadəyə nəzarətin artırılması və digər ekoloji məsələlərin həlli istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Regionlar 2020-06-05 17:37:00