Sabah “OPEC+”un videokonfrans formatında görüşü keçiriləcək
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 6-da OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya mətbuatı ölkənin Energetika Nazirliyinə istinadla məlumat yayıb. İclasda “OPEC+” üzrə mövcud hasilat məhdudiyyətlərinin 1 və ya 3 ayadək uzadılması (may-iyun göstəricilərinin saxlanılması) əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, OPEC daha əvvəl iyunun 9-da Nazirlər Şurasının 179-cu iclasının videokonfrans formatında təşkilinin, iyunun 10-da isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfransla 11-ci görüşünün keçirilməsinin planlaşdırıldığını açıqlamışdı.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.
Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək