×
A
A
A
Sazlamalar

Prokurorluq orqanlarının adından sui-istifadə edərək vətəndaşı rüşvət verməyə təhrik etmiş şəxslərin qanunsuz əməlləri ifşa olunub

Bakı, 31 may, AZƏRTAC

Prokurorluq orqanlarının adından sui-istifadə edərək vətəndaşı aldatmaqla rüşvət verməyə təhrik etmiş şəxslərin qanunsuz əməlləri ifşa olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru işləmiş Samir Nəsirovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla Samir Nəsirovun Bakı şəhər sakinləri Kənan Nəsrullayev və Nurlan Abbasov ilə qabaqcadan əlbir olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını guya Baş Prokurorluqda işləyən tanışları vasitəsilə rüşvət müqabilində həll edəcəyini yalandan vəd verərək təqsirləndirilən şəxslərin qohumu Tofiq Məmişovu aldatmasına, sonuncunu rüşvət verməyə təhrik edərək həmin məqsədlər üçün 27 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətlərinə görə Samir Nəsirov Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) və 32.4, 312.1-vi (rüşvət verməyə təhrik etmə) maddələri, Kənan Nəsrullayev və Nurlan Abbasov isə 32.4, 312.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulan ittiham irəli sürülüb.
İş üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün mayın 31-də aidiyyəti məhkəməyə göndərilib.
Azərbaycan Respublikasının prokurorluq orqanları bu kateqoriyadan olan cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verə biləcək mənfi halların qarşısının alınması istiqamətində zəruri tədbirləri bundan sonra da davam etdiriləcək.

Sosial 2020-05-31 16:54:00