Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın Respublika Günü paytaxt Vaşinqtonda qeyd edilib VİDEO

Vaşinqton, 29 may, AZƏRTAC 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonun tarixi Corctaun ərazisində yerləşən inzibati binası üzərindən Azərbaycan və Birləşmiş Ştatların böyük ölçülərdə olan dövlət bayraqları asılıb. Bayraqların iki ay müddətində palatanın binasının üzərində saxlanılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, palatanın təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, Azərbaycan səfirliyinin əməkdaşları, eləcə də bir sıra media nümayəndələri iştirak ediblər.
Palatanın icraçı direktoru Natiq Baxışov 28 May – Azərbaycan Respublika Gününün ölkəmiz üçün tarixi önəmindən danışıb və qlobal pandemiya səbəbindən mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq, bu il Respublika Gününün geniş tərkibdə təşkil edilmədiyini bildirib.
Daha sonra ABŞ-ın ölkəmizdəki sabiq səfiri Robert Sekuta Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib. R.Sekuta Azərbaycandakı fəaliyyət dövrü və yaşadığı günləri xatırlayaraq Azərbaycanın böyük bir yol keçdiyini bildirib, ölkəmizin inkişafının şahidi olduğunu qeyd edib. Müstəqil və sürətlə inkişaf edən Azərbaycanın Respublika Günündə Vaşinqtonda ölkəmizin bayrağının ucaldılmasının əhəmiyyətini vurğulayıb.
Səfir E.Süleymanov Azərbaycan Respublikasının Milli bayramı-Respublika Gününün Vaşinqtonda hər il 1000-ə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd edildiyini vurğulayıb, cari ildə isə dünyada cərəyan edən koronavirus pandemiyası səbəbindən belə bir tədbirin təşkilinin mümkün olmadığını söyləyib. Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir, həmçinin Vaşinqton şəhərinin meri tərəfindən ənənəvi olaraq hər il 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdırıb. Səfir ABŞ-ın bir çox ştatlarının qubernatorları və şəhərlərinin merləri tərəfindən Respublika Günü ilə bağlı həmin ştat və şəhərlərdə Azərbaycan Milli Gününün elan edilməsinə dair bəyannamələrin verildiyini vurğulayıb. ABŞ Prezidenti Donald Trampın Respublika Günü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdiyini xatırladaraq, sözügedən məktubda ABŞ və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa verilən dəyərdən bəhs edib. Həmçinin ABŞ Dövlət katibi Maykl Pompeonun Respublika günü ilə bağlı mətbuata açıqlama verdiyini diqqətə çatdırıb. R.Sekutanın ölkəmizdə səfir olduğu dövrdə öz fəaliyyəti ilə iki ölkə arasındakı münasibətlərin güclənməsinə və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəni vurğulayıb.
E.Süleymanov 102 il öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin üzərində bünövrəsi qurulmuş müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında regionun aparıcı dövlətinə çevrildiyini qeyd edib. Hazırda fəxr mənbəyi olan ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında hər bir Azərbaycan vətəndaşının birliyinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə iki ölkə arasında ticarət və biznes əlaqələrinin, eləcə də investisiyaların təşviqi məqsədilə təsis edilmiş ABŞ qeyri-hökumət təşkilatıdır. Palata iki ölkə xalqları arasında anlaşma və mədəni mübadilənin həyata keçirilməsi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin reallaşdırılması məqsədilə 2000-ci ildə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzini təsis edib. Hazırda Mərkəzin Vaşinqtonda iki sərgi salonu fəaliyyət göstərir. Bu il ABŞ-Azərbaycan Ticarət Palatası 25 illik, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi isə 20 illik yubileyini qeyd edir.

AZƏRTAC-ın Vaşinqton bürosu

Siyasət 2020-05-29 12:15:00

Video