×
A
A
A
Sazlamalar

Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür

Bakı, 28 may, AZƏRTAC

28 May - Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür. Ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. 28 May Azərbaycan xalqının tarixi uğurudur. Bu tarixi nailiyyətin qorunmasında, yaşadılmasında və daha da möhkəmlənməsində ən mühüm rolu isə Azərbaycan Ordusu oynayır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu əlamətdar günlə bağlı respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordunun rolundan danışıb.
Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Cümhuriyyət dövründə əsası Səmədağa Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımız tərəfindən qoyulan Azərbaycan Ordusu, XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev tərəfindən müasir dövrün tələbinə uyğun olaraq yenidən formalaşdırılıb, güclü, nizami orduya çevrilib. Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız regionun deyil, bütün dünyanın ən güclü orduları sırasındadır. Bu isə cümhuriyyət dövrünün generallarının, o dövrün hərbi-siyasi liderlərinin arzusunun reallaşması, onların istəklərinin gerçəkliyə çevrilməsi deməkdir.
Təşkilatın sədr müavini bildirib ki, ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır. Məhz ordumuzun səyi, onun qüdrəti sayəsində müstəqilliyimizi qorumaq, ölkəmizə qarşı çoxsaylı təxribatların qarşısını almaq mümkün olub. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz daim möhkəmlənməkdə, döyüş hazırlığını, zərbə gücünü sürətlə artırmaqdadır. Bu gün Silahlı Qüvvələrimiz respublikamıza yönəlik istənilən təxribata layiqli cavab verməyə qadirdir.
“Əminəm ki, Azərbaycan Ordusu yaxın gələcəkdə işğal altındakı ərazilərimizi azad edəcək, bununla da Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin edəcək. Bir daha xalqımızı Respublika Günü münasibəti ilə təbrik edir, onun keşiyində dayanan Silahlı Qüvvələrimizə uğurlar arzulayıram”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Sosial 2020-05-28 19:37:00