×
A
A
A
Sazlamalar

Avstraliya və Yeni Zelandiyadakı diaspor fəalları koronavirus pandemiyası ilə bağlı onlayn müzakirələrə qatılıblar

Kanberra,14 may, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Avstraliya İttifaqı və Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə onlayn formatda konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, virtual tədbirdə Avstraliyanın Sidney və Melburn şəhərlərində fəaliyyət göstərən Avstraliya-Azərbaycan Assosiasiyasının sədri Mikayıl Oyta, Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov, Qrinviç Menecment Kollecinin tələbəsi Ülvi Musayev, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvləri Nicat Hacıyev və Rauf Şükürov, iş adamı Xuraman Armstronq, Yeni Zelandiyadan Daşınmaz Əmlak Şirkətlər Qrupunun sahibi Tofiq Məmmədov, “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov və Dövlət Komitəsinin məsul əməkdaşları Fuad Kərimov, Fuad İsmayılzadə, Gülmira Vəliyeva iştirak ediblər.
Müzakirələr zamanı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış vəziyyətin həmin ölkələrdə yaşayan soydaşlarımızın yaşayış tərzinə və fəaliyyətinə olan təsirdən, diaspor təşkilatlarımız arasındakı əməkdaşlıqdan, soydaşlarımızın fəallığından, postpandemiya dövründə həyata keçirilən tədbirlərdən və gələcək planlardan danışılıb.
Qeyd edilib ki, indiki şəraitdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrin gücləndirilməsi və intensivləşdirilməsi soydaşlarımızın daha mütəşəkkil və sistemli şəkildə fəaliyyət göstərməsi baxımından olduqca vacibdir.
Tədbir zamanı Avstraliya və Yeni Zelandiyada Azərbaycan, xüsusilə də Qarabağ xalçalarının sərgilərinin təşkil olunması, eləcə də Avstraliya hökumətində və parlamentində Azərbaycan əsilli soydaşlarımızın təmsil olunması imkanları barədə müxtəlif təkliflər səsləndirilib.
Sonda Dövlət Komitəsinin hazırkı durumda müxtəlif diaspor təşkilatları ilə onlayn konfranslar təşkil etməsi təqdir edilib və bu cür görüşlərin davamlı keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Diaspor 2020-05-14 16:17:00