×
A
A
A
Sazlamalar

Ulyanovskda Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd edilib

Bakı, 10 may, AZƏRTAC
10 may Azərbaycan xalqı üçün əlamətdar gündür. Həmin gün dünya azərbaycanlıları öz ümummilli lideri Heydər Əliyevi xatırlayır və onun xatirəsini ehtiramla anırlar. Heydər Əliyev Azərbaycanın yeni dövlətçiliyinin banisinə çevrildi, ölkəni sözün həqiqi mənasında qardaş qırğını uçurumunun kənarından çəkərək, uzun illər üçün onun inkişafını müəyyən etdi. AZƏRTAC xəbər verir ki, Ulyanovsk azərbaycanlıları hər il mayın 10-da vilayət paytaxtının əhalinin ən sıx yaşadığı rayonunda Heydər Əliyevin adını daşıyan meydanda onun möhtəşəm abidəsi qarşısına toplaşırlar. Ulu Öndərin SSRİ və MDB-nin ümumi tarixinə töhfəsini yüksək qiymətləndirən milli təşkilatların sədrləri də hər dəfə onlara qoşulurlar.
"Russki Dom" ictimai təşkilatının rəhbəri Tamara Kulyabina bu münasibətlə keçirilən tədbirdə deyib ki, Heydər Əliyevin şəxsiyyəti və onun irsi yalnız Azərbaycan xalqına məxsus deyil. "O, cahanşümul şəxsiyyət idi. Vaxtilə o, və Prezident Vladimir Putin ölkələrimiz arasında qarşılıqlı münasibətlərin xarakterini birlikdə müəyyən ediblər. Onların qərarı indiyə qədər dünya siyasətinə təsir göstərir. Heydər Əliyev SSRİ hökumətində işləyən zaman doğma şəhərimizin taleyində mühüm rol oynayıb. O, "Aleksandr Suvorov" teploxodunun dəhşətli qəzasından sonra ulyanovsklılara yardım göstərməklə bərabər, Volqa çayı üzərindən ikinci körpünün çəkilməsini dəstəkləyib. Bu gün bizim həyatımızı və iqtisadiyyatımızı bunsuz təsəvvür etmək olmur.
Nəhayət, o, sadəcə öz Vətənini çox sevən müdrik, uzaqgörən və insanpərvər insan idi", - deyə T.Kulyabina əlavə edib.
Tatar Milli-Mədəni Muxtariyyətinin sədri Ramis Safin, Çuvaş Milli-Mədəni Muxtariyyətinin sədri Oleq Mustayev, Mordva Milli-Mədəni Muxtariyyətinin sədri Vladimir Sofonov, Ulyanovsk vilayətinin özbək icmasının rəhbəri Qayrat Rahmonov, habelə İslam Hüseynov başqa olmaqla Ulyanovsk Regional Azərbaycan Milli Mədəni Muxtariyyətinin (URAMMM) fəalları abidənin qarşısına çiçəklər qoyublar.
İslam Hüseynov xatirə mərasimində deyib: "Doğma yurdda sülh, milli birlik, Azərbaycanın Qafqaz regionunda aparıcı yeri, Rusiya ilə qardaşlıq münasibətləri – bütün bunlar onun xidməti, onun nailiyyətidir. Biz Heydər Əliyevə çox borcluyuq. Ulu Öndərin gördüyü böyük işlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi xatırlayır və onunla fəxr edirik, onun bizə vəsiyyət etdiyi ideal və dəyərlərə layiq olmağa çalışırıq".

Diaspor 2020-05-10 22:31:00