×
A
A
A
Sazlamalar

Xüsusi karantin rejimi ilə əlaqədar avtomobil yollarında nəzarət daha da gücləndirilib

Bakı, 8 aprel, AZƏRTAC

Yol polisi əməkdaşları ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar avtomobil yollarında nəzarət daha da gücləndirilib. Şəhərin avtomobil yollarında tez-tez polis postlarına rast gəlmək olur. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda icazə olmadan hərəkət edən şəxsləri, eləcə də nəqliyyat vasitələrinin sürücülərini və sərnişinləri yoxlayırlar. İcazəsi olmayan şəxslər müəyyən olunduqda barələrində tədbirlər görülür. Belə ki, səbəbsiz yerə yaşayış yerlərini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 7-si saat 00:00-dan aprelin 8-i saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1569 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Sosial 2020-04-08 17:04:00