×
A
A
A
Sazlamalar

Fatih Birol: Neft bazarındakı inkişaflar narahatlıq doğurur

Bakı, 8 aprel, AZƏRTAC

Neft bazarındakı inkişaflar narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
“Düşünürəm ki, G20-nin enerji nazirlərinin toplantısında bazara ciddi bir siqnal verilməsə, qiymətlər son dərəcə zəif olacaq və aşağı istiqamətli təzyiq davam edəcək. Ölkələr ciddi həmrəylik nümayiş etdirməli və dünya iqtisadiyyatı üçün böyük təhlükə doğuran neft-qaz sənayesinin çökməsinin qarşısını almağa çalışmalıdır. Neft hasilatının gündəlik 10 milyon barrel azaldılması da neft bazarını xilas etmək və tarazlıq yaratmaq üçün yetərli deyil. Çünki tədarük böyük olduğundan bu həcmi üstələmək lazımdır”, - deyə F.Birol qeyd edib.
O bildirib ki, qlobal neft bazarında böyük həcmdə tədarük bolluğu mövcuddur. Bunun birinci səbəbi dünyada neftə olan tələbatın çox aşağı düşməsidir. Qlobal neft tələbatının 60 faizi nəqliyyat sektorunun payına düşür. Hazırda 3,5 milyard insan evlərindən çıxa bilmir və nəqliyyatla bağlı fəaliyyət yoxdur. Bu səbəbdən neftə olan tələb azalır. İkinci səbəb isə, tələbatın azalmasına baxmayaraq, Səudiyyə Ərəbistanı və Rusiyanın istehsalı daha da artırmaq qərarına gəlməsidir. Artan tədarük qiymətdə ciddi enişə səbəb oldu. Neftin qiyməti hazırda 30 dollar/barrel səviyyəsindədir. Lakin bu həftə “OPEC+” üzrə bir qərar verilməyəcəyi təqdirdə qiymətlər daha aşağı düşə bilər. Neft və təbii qaz gəlirlərindən asılı olan ölkələrin iqtisadiyyatında ciddi bir tənəzzül olduğunu görə bilərik. İraq, İran, Əlcəzair və Nigeriya kimi bir çox ölkədə problemlər görə bilərik. Səudiyyə Ərəbistanı və Rusiya kimi güclü maliyyə ehtiyatlarına sahib ölkələrə bunun təsiri vaxt tələb edir, lakin bu ölkələrdə də prosesin təsiri müşahidə olunacaq.
“Məni daha çox narahat edən məsələ dünyada neftlə əlaqəli sənayedə milyonlarla insanın çalışmasıdır. Digər tərəfdən isə, neft və qaz sənayesi dünya iqtisadiyyatının ciddi dayaqlarından biridir. Əgər bu sektor dağılırsa, çünki mövcud vəziyyət narahatlıq doğurur, bu, çətin vəziyyətdə olan qlobal iqtisadiyyata daha çox mənfi təsir göstərəcək”, - deyə o qeyd edib.
Qeyd edək ki, aprelin 9-da OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək.
G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının və Beynəlxalq Enerji Agentliyinin təşəbbüsü ilə aprelin 10-da isə G20 enerji nazirlərinin videokonfrans formatında fövqəladə iclasının keçirilməsi nəzərdə tutulur. İclasda enerji bazarında sabitliyi təmin etmək üçün atılacaq addımlar müzakirə olunacaq.

 

Neft - qaz 2020-04-08 16:56:00