×
A
A
A
Sazlamalar

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Bakı, 8 aprel, AZƏRTAC
Energetika Nazirliyi cari ilin ilk rübündə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatı açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, rüb ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 milyon kilovat/saat (2,57 faiz) artaraq 6 milyard 967,7 milyon kilovat/saat olub.
Hesabat dövründə keçən ilin ilk rübünə nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 257,3 milyon kilovat/saat artaraq 6 milyard 657,6 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 83 milyon kilovat/saat azalaraq 220,5 milyon kilovat/saat, digər mənbələr (külək, günəş və Bərk məişət tullantılarının yandırılması zavodu) üzrə isə 0,9 milyon kilovat/saat artaraq 89,7 milyon kilovat/saat olub. Külək elektrik stansiyalarında 24,9 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 9,1 milyon kilovat/saat, Bərk məişət tullantılarının yandırılması zavodunda 55,6 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 295,6 milyon kilovat/saat (İES-lərdə 6 milyard 99,8 milyon kilovat/saat, SES-lərdə 195,8 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 83,6 milyon kilovat/saat (İES-lərdə 54,7 milyon kilovat/saat, SES-lərdə 21,2 milyon kilovat/saat, günəş stansiyalarında 7,7 milyon kilovat/saat), müstəqil elektrik stansiyaları üzrə 588,5 milyon kilovat/saat olub.
Birinci rübdə elektrik enerjisinin ixracı 483,2 milyon kilovat/saat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 milyon kilovat/saat azalıb. Elektrik enerjisinin idxalı 27 milyon kilovat/saat olub, keçən ilin ilk rübünə nisbətən 14 milyon kilovat/saat azalıb.

Energetika 2020-04-08 12:02:00