×
A
A
A
Sazlamalar

Neft Fondunun aktivlərinin heç bir zamansız və məcburi satışına ehtiyac yoxdur

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) öhdəliklərinin yerinə yetirilməsi istiqamətində investisiya portfelinə daxil edilən aktivlərin heç bir zamansız və məcburi satışına ehtiyac yoxdur.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, ARDNF-in büdcə proqnozları illik əsasda təsdiq edilir və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur. Belə ki, il ərzində həm dövlət büdcəsinin tələbindən, həm də valyuta bazarında tələbin dəyişməsindən asılı olaraq öhdəliklərin aylar üzrə eyni həcmdə icra olunmaması mümkündür. Bununla yanaşı, xam neftin dünya bazarındakı qiymətlərindən asılı olaraq il ərzində müxtəlif dövrlərdə fondun gəlirlərinin dinamikası fərqli templə arta bilər. Beləliklə, neftin qiymət amilindən və xərclərin müxtəlif dövrlərdə fərqli icra olunmasından asılı olaraq ARDNF-in aktivlərinin il ərzində hansısa dövrün sonuna ya artması, ya da azalması müşahidə oluna bilər. Lakin bundan asılı olmayaraq, Neft Fondunun xərcləri üçün illik yuxarı hədd müəyyən edildiyindən, müxtəlif aylarda icra fərqli olsa da, ARDNF-in illik büdcə öhdəliyi dövlət büdcəsində təsdiq olunan səviyyədən yüksək ola bilməz. Bir sözlə Dövlət Neft Fondunun vəsaitlərindən əldə edilən gəlirləri istisna etsək, fondun vəsaitlərinin hər ilin sonuna olan səviyyəsinə təsir edən tək amil neftin dünya bazarındakı qiymət tempidir.
Hər il ARDNF-dən dövlət büdcəsinə müəyyən edilmiş həcmdə transfertlər həyata keçirilir və fond da öz növbəsində bu xərcləri qarşılamaq üçün ən azı həmin məbləğ qədər çox qısa müddətli aktivləri investisiya portfelində saxlayır. Bununla yanaşı, Neft Fondunun vəsaitləri həm də ölkə iqtisadiyyatı üçün xarici şoklar zamanı “təhlükəsizlik yastığı” rolunu oynayır və dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir. Bunu nəzərə alaraq ARDNF-in vəsaitlərində heç bir zərərə səbəb olmadan dərhal istifadə edilə biləcək yüksəkkeyfiyyətli likvid alətlər önəmli hissəni təşkil edir. Belə ki, fondun aktivlərinin 70 faizə qədərini borc öhdəlikləri və pul bazarları alətləri portfeli təşkil edir. Mart ayının sonuna yalnız ABŞ dollarında ifadə olunan aktivlərdə gəlir əldə edilən nağd vəsaitlərin həcmi təxminən 4 milyard dollara bərabərdir. Bununla yanaşı, təkcə ABŞ dollarında ifadə olunan istiqraz portfelində yalnız əsas məbləğin qaytarılmasına görə təqribən 2,4 milyard dollar həcmində nağd vəsait ARDNF-ə daxil olacaq. Bir daha qeyd edirik ki, Neft Fondunun öhdəliklərinin yerinə yetirilməsi istiqamətində investisiya portfelinə daxil edilən aktivlərin heç bir zamansız və məcburi satışına ehtiyac yoxdur.

 

Neft - qaz 2020-04-06 14:20:00