×
A
A
A
Sazlamalar

Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub

Bakı, 2 aprel, AZƏRTAC
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi halların qarşının alınması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyənləşdirilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 1-dən 2-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 41, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən 1-i inzibati həbs olunub, 40 nəfəri isə cərimə edilib.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfər inzibati həbs olunub, 5 nəfər isə cərimə edilib.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 1243 nəfərə, onlardan Bakı şəhəri üzrə 868 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 12 şəxs isə inzibati qaydada həbs olunub.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 14 nəfər inzibati həbs edilib, 1288 nəfər inzibati cərimə olunub.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırır.

Sosial 2020-04-02 16:41:00