×
A
A
A
Sazlamalar

® Gənc rəssam Mənsumə Ələkbərin ilk fərdi sərgisi açılıb

Bakı, 4 mart, AZƏRTAC

Martın 3-də “Artis Saloon”da tanınmış gənc rəssam Mənsumə Ələkbərin “Inspiration” adlı ilk fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, üç gün ziyarətçilər üçün açıq qalacaq sərgidə rəssamın 50-dək əsəri nümayiş olunur.
Sərginin açılışından öncə aparıcı Ceyhun Əli çıxış edərək rəssam haqqında məlumat verib. Bildirib ki, 1993-cü ildə anadan olan gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını rəngkarlıq ixtisası üzrə bitirib. Vurğulayıb ki, hələ tələbəikən Mənsumə Ələkbərin sənət əsərləri bir sıra beynəlxalq festivallarda nümayiş edilib. Onun əsərləri hazırda bir sıra yerli və xarici kolleksionerlərin şəxsi kolleksiyalarında saxlanılır. M.Ələkbər bir çox rəsm müsabiqələrinin qalibi və iştirakçısı olub.
Sərginin özəlliyinə toxunan aparıcı söyləyib ki, ekspozisiyada təqdim edilən sənət əsərləri rəssamın yeddi aylıq gərgin əməyinin nəticəsidir.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxış edərək rəssamı ilk fərdi sərgisi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb: “Çox xoşdur ki, bu sərgi-salonunun açılışı, belə bir gözəl rəssamın ilk fərdi sərgisinin açılışı ilə üst-üstə düşür. Sənət əsərlərinin gözəlliyi, həm də onunla ölçülür ki, insan ona baxdığı zaman hər şeyi unudub rahatlıq tapır. Düşünürəm ki, bu salonda nümayiş olunan əsərlər, o məğzi özündə ehtiva edir. Rəssam o vaxt xoşbəxt olur ki, onun əsərləri insanların həyatının bir hissəsinə çevrilə bilir. İnanıram ki, Mənsumə xanımın bir çox əsəri kimlərinsə həyatının bir hissəsinə çevrilə biləcək. Əsərlərlə tanış olduqda aydın olur ki, rəssam öz istedadını, düşüncələrini əsərlərinə yükləyə bilib. Bir daha təbrik edir, uğurlar arzulayıram”.
Yazıçı-publisist Sevinc Nuruqızı və digərləri çıxış edərək sərgi ilə bağlı təəssürtalarını bölüşüb, gənc rəssamın yaradıcılıq məziyyətləri barədə fikir və mülahizələrini bildiriblər.
Sonda rəssam Mənsumə Ələkbər çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib.
“Mənim ən böyük arzum, çəkib-yaratdığım əsərlərimlə insanlarda xoş təəssürat yaratmaq, onları bir az da olsa rutin həyatdan ayırmaqdır. Buna nə qədər nail ola bilməyimi, əlbəttə, ziyarətçilərin öhdəsinə buraxıram. Bir daha burada iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm”, - deyə rəssam söyləyib.
Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.
Fevralın 6-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.
Qeyd edək ki, “Artis Saloon”nun təsisçisi Nigar Kərimova, direktoru isə Nərgiz Rzayevadır.

İncəsənət 2020-03-04 11:44:00