×
A
A
A
Sazlamalar

Meksika paytaxtındakı Xocalı meydanında soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO

Vaşinqton, 27 fevral, AZƏRTAC 

Fevralın 26-da Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin və bu ölkənin Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin “Tlakskoake/Xocalı” (Tlaxcoaque/Jodyali) meydanında yerləşən Xocalı soyqırımı abidəsi önündə faciənin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Aqustin Qarsiya Rubio, deputatlar Monika Almeida Lopez, Fransisko Xavyer Qusman de la Torre, Adriana Losano Rodriqez, Meksikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, Qazaxıstan, Pakistan, İran, Malayziya, Ukrayna, Kot-Divuar, Banqladeş, İndoneziyanın səfirləri, diplomatlar və hərbi attaşelər, KİV təmsilçiləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Meksika Dəniz Hərbi Qüvvələrinin orkestrinin ifasında Meksika və Azərbaycanın dövlət himnləri səslənib.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Meksika Deputatlar Palatası və Azərbaycanın bu ölkədəki səfirliyi adından Xocalı soyqırımı abidəsinin önünə əklillər qoyulub.
Deputat A.Q.Rubio çıxış edərək Meksika ilə Azərbaycan arasındakı əlaqələrin yalnız iqtisadi və ticarət əlaqələri üzərində qurulmadığını, həm də 28 illik dostluğa əsaslandığını söyləyib. Xocalı faciəsi zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların xatirəsinin məhz Azərbaycan hökumətinin dəstəyi ilə abadlaşdırılmış Tlakskoake/Xocalı meydanında yad edildiyini qeyd edən deputat xalqımızın Xocalı soyqırımı ilə bağlı ağrı-acısını bölüşdüyünü deyib. Meksika hökumətinin daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri, habelə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb. Həmçinin 2011-ci ildə Meksika Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımı zamanı baş vermiş cinayətləri qətiyyətlə pisləyən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında” adlı sənədin qəbul olunmasının Meksika hökumətinin münaqişə ilə bağlı mövqeyini əks etdirdiyini vurğulayıb.
Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov çıxış edərək öz dəhşətləri ilə dünyanı sarsıtmış Xocalı soyqırımından 28 il keçdiyini qeyd edib, həmin günün azərbaycanlıların xatirəsində ən ağrılı tarixlərdən biri kimi qaldığını deyib. Müstəqilliyinin ilk günlərindən Azərbaycanın hərbi təcavüzlə üzləşdiyini bildirərək Xocalı soyqırımının ölkə tarixinin ən qanlı və amansız səhifəsi olduğunu deyib. Sadəcə azərbaycanlı olduqlarına görə yüzlərlə günahsız insanın həyatlarına qəddarcasına son qoyulduğu, onlara misli görülməmiş əzab və işgəncə verildiyi bildirilib. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımının dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi adlandırıldığı qeyd edilib.
Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üzrə böyük nailiyyətlər əldə etdiyini deyib. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarların qəbul edildiyi, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Türkiyə, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən artıq ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını tanıyan qətnamələrin qəbul olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Məmməd Talıbov dünya ictimaiyyəti tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını birmənalı şəkildə tələb edən müvafiq qətnamələrin yerinə yetirilməsi üçün işğalçı ölkəyə təzyiqlərin göstərilməsinin vacibliyini vurğulayıb, Xocalı qurbanlarına həsr olunmuş abidəni ziyarətə gələnləri Xocalıya ədalətə səsləyib.
AZƏRTAC-ın Vaşinqton bürosu

Siyasət 2020-02-27 12:04:00

Video