×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı XX əsrin faciəsidir

Lənkəran-Lerik, 26 fevral, Bağır Əliyev, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəran rayonunun Kənarmeşə kənd məscidində və Lerik şəhərindəki “Cümə” məscidində “Xocalı soyqırımı-XX əsrin faciəsidir” mövzusunda anım tədbirləri keçirilib.
Kənarmeşə kənd məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kənarmeşə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fail Həşimov, kənd bələdiyyəsinin sədri, Kənarmeşə kənd məscidi dini icmasının sədri Rəfail İbrahimov, ətraf kəndlərin din xadimləri və dindarlar iştirak ediblər.
Lerik şəhərindəki “Cümə” məscidində keçirilən tədbirdə isə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirlərində Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib və ruhlarına “Qurani-Kərim”dən ayələr oxunub.
Mərasimdə çıxış edənlər 1992-ci il fevralın 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında danışaraq ermənilərin törətdiyi vəhşiliyi pisləyib, bu soyqırımın bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktı olduğunu vurğulayıblar.
Çıxış edənlər, həmçinin şəhidlik anlayışı və onun mahiyyəti haqqında fikirlərini bölüşərək şəhidliyin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd ediblər.

Regionlar 2020-02-26 18:14:00