×
A
A
A
Sazlamalar

Ağcabədidə “Şəhid şəhər” adlı sərgi və ədəbi-bədii kompozisiya nümayiş olunub

Ağcabədi, 25 fevral, AZƏRTAC

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirləri davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə rayon Mədəniyyət Mərkəzində keçirilən növbəti tədbirdə əvvəlcə faciəni əks etdirən foto, sənəd, kitab və jurnallardan, “Rəsm” kursunun üzvlərinin əsərlərindən ibarət "Şəhid şəhər" adlı sərgi nümayiş olunub. Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tədbirdə çıxış edərək, Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə Mərkəzdə keçirilən silsilə tədbirlər, həmçinin ermənilərin əsrlərboyu xalqımıza qarşı törətdiyi etnik təmizləmə və işğal siyasəti barədə ətraflı məlumat verib. O, Xocalı soyqırımının dünyaya çatdırılmasında gənclərin rolundan bəhs edib, keçirilən tədbirlərin, bədii və sənədli film nümayişlərinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin gənclərimizə çatdırılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindik, şəhid ailəsinin üzvü Nüşabə İbrahimova çıxış edərək, 28 il əvvəl erməni vandalları tərəfindən Xocalıda dinc sakinlərə qarşı həyata keçirilən qətliamdan, yüzlərlə soydaşımızın xüsusi qəddarlıqla qətlə yetirilməsindən, girov götürülərək ağır işgəncələrə məruz qalmasından danışıblar. Bildirilib ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalıda törədilən soyqırımı erməni millətçilərinin insanlığın düşməni olduğunu ortaya qoydu.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu təbliğat aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.
Tədbirdə “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında Xocalı soyqırımından bəhs edən “Şəhid şəhər” adlı ədəbi-bədii şeir kompozisiyası təqdim olunub. Sonda Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşlarının birgə hazırladığı “Xocalı bizi səsləyir” adlı videoçarx nümayiş etdirilib.

Regionlar 2020-02-25 10:01:00