×
A
A
A
Sazlamalar

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 360 saylı, 22 fevral 2020-ci il tarixli 380 və 383 saylı müraciətlərə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizədlər Bağırov Rövşən Tofiq oğlu 2020-ci il fevralın 21-də, Quliyev İqbal Xeyrulla oğlu və Əliyev Əli Ağadədə oğlu 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlamış, həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair həmin seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 19/72 saylı qərarını mübahisələndirərək, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 77 saylı Astara seçki dairəsinin eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizədlər müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə seçki dairəsi üzrə seçki məntəqələrində səsvermədə iştirak edən seçicilərin fəallığı aşağı olmuş, seçki bülletenləri topa şəkildə seçki qutularına atılmış, adları seçici siyahılarında olmayan seçicilər səs vermiş, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmış və digər qanun pozuntularına yol verilmişdir. Namizədlər dairə seçki komissiyasına təqdim edilmiş müraciətlərin və digər sənədlərinin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 19/72 saylı qərarının ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb etmişlər. Müraciətlərə 3 ədəd elektron məlumat diski (DVD-disk) və 7 ədəd akt əlavə olunmuşdur.
Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, onlara əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.
Müəyyən edilmişdir ki, qeydə alınmış namizədlərin müraciətləri dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
77 saylı Astara seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizədlərin müraciətlərində səsvermə günü seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.
Araşdırma ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları və digər sənədlər dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Araşdırma nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
Müraciətlərin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilmiş, 77 saylı Astara seçki dairəsinin seçki məntəqələri üzrə hər hansı bir pozuntu əks olunan görüntü müəyyən edilməmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.
Göstərilənlərə əsasən qeydə alınmış namizədlər R.T.Bağırov, İ.X.Quliyev və Ə.A.Əliyevin müraciətlərinin təmin edilməməsi, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli, 19/72 saylı qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizədlər Bağırov Rövşən Tofiq oğlu, Quliyev İqbal Xeyrulla oğlu və Əliyev Əli Ağadədə oğlunun 21 fevral 2020-ci il tarixli 360 saylı, 22 fevral 2020-ci il tarixli 380 və 383 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 19/72 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 


Sədr          Məzahir Pənahov


Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2020-02-25 09:38:00