×
A
A
A
Sazlamalar

Gürcüstanda TRACECA-ya dair müzakirələr aparılıb

Tbilisi, 24 fevral, AZƏRTAC

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Avropa-Qafqaz-Asiya nəqliyyat koridoru (TRACECA) layihəsinin yeni baş katibi Aset Asavbayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə TRACECA layihəsinin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafındakı rolu diqqət mərkəzində olub. Gürcüstanın layihədə iştirakı və bu sahədə gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Gürcüstanda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət magistralı və limanların inkişafı ilə bağlı layihələr barədə danışıb.
“Orta dəhliz” layihəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər dəhlizin inkişafı üçün əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, TRACECA proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, İran, Ukrayna, Moldova, Bolqarıstan və Rumıniya daxildir.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-02-24 19:19:00