×
A
A
A
Sazlamalar

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları 86 yaşlı Nuriyyə nənəni ziyarət ediblər

Qəbələ, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Könüllü qonaq” layihəsi çərçivəsində qurumun əməkdaşları, həmçinin şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri fevralın 24-də rayonun Mirzəbəyli kəndində 86 yaşlı tənha qadın Nuriyyə nənəni ziyarət edib, ona qayğı göstəriblər.
Mərkəzin direktoru Günel Ağayeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, layihənin həyata keçirilməsində məqsəd tənha insanlara dayaq olmaq, uşaq və gənclərdə yaşlı nəslə hörmət və məhəbbət hissi aşılamaqdır.
“Könüllü qonaq”lar nənənin əhvalı ilə maraqlanıb, təsərrüfat işlərində ona yardımçı olub, evini və həyətini səliqəyə salıblar. Nuriyyə nənə uşaqlara şəxsi həyatından, gənclik illərindən, əmək fəaliyyətindən, qazandığı nailiyyətlərdən söz açıb, onlara gənclik illərinin şəkillərini, təltif olunduğu orden və medalları göstərib.
Qonaqlar apardıqları şirniyyatla nənəyə gözəl çay süfrəsi açıblar.

Regionlar 2020-02-24 18:40:00