×
A
A
A
Sazlamalar

Astaralı gənclər sahibkarlıqla bağlı təlimlərə cəlb ediliblər

Astara, 22 fevral, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 13-cü qrant müsabiqəsi üzrə həyata keçirilən “Region gənclərinin sahibkarlıq bacarıqlarının artırılması” layihəsi çərçivəsində astaralı gənclər üçün rayondakı Heydər Əliyev Mərkəzində ikigünlük təlimlər təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən region gənclərini üzə çıxarmaq, onları biznes istiqamətində maarifləndirmək və öz ideyalarını reallaşdırmaq üçün onlara dəstək olmaqdır.
Təlimlərdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rufan Şirinov ölkəmizdə, o cümlədən rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Layihə rəhbəri Şəbnəm İbadzadə Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında söz açaraq, gəncləri layihənin məqsədi barədə məlumatlandırıb.
Layihənin əməkdaşı Vamiq Babayev gənclərin cəmiyyətin bütün sahələrində, o cümlədən sahibkarlıq sahəsində fəal iştirak etdiyini vurğulayaraq, müasir dövrün tələblərinə uyğun daha kreativ ideyaların həyata keçirilməsində gənclərin iştirakının vacib olduğunu diqqətə çatdırıb.
Astara Pedaqoji Kollecinin əməkdaşı Xanımnisə İsayeva isə çıxışında hazırkı layihənin gənclər üçün əhəmiyyətini önə çəkib, təlim iştirakçısı olan bütün gənclərə və layihə kollektivinə uğurlar arzulayıb.
Təlimlərdə biznes və karyera planlaşdırılması üzrə təlimçi Rafət Şirəliyev sahibkarlıq fəaliyyəti, biznes nümunələri, investisiyaların cəlbi, maliyyə sektorları ilə əməkdaşlıq, rəqabət yaradacaq üstünlüklər və s. mövzular barədə təlim iştirakçılarını məlumatlandırıb, onlara uğurlu biznes nümunələr göstərib, qrup işləri təşkil edilib.
Sonra təlimin qiymətləndirilməsi aparılıb, gənclər fikirlərini bölüşüblər.
Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimdə iştirak edən gənclər, həmçinin Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə də tanış olublar.

Regionlar 2020-02-22 18:28:00