×
A
A
A
Sazlamalar

Cəlilabadda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Cəlilabad, 22 fevral, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.
İclasda hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, ötən il Cəlilabad rayonu üçün də uğurlu olub. Rayonda pərakəndə əmtəə dövriyyəsi 1, pullu xidmət 0,6 və əhaliyə göstərilən məişət xidməti 0,5 faiz artıb. Rayon üzrə 203,7 min ton buğda, 15,9 min ton arpa, 10 min ton vələmir, 7,2 min ton noxud, 567 ton mərci, 129,5 min ton kartof, 2,2 min ton şəkər çuğunduru, 264 ton günəbaxan, 1064 ton qarğıdalı, 6,2 ton çiyələk, 3 min ton tərəvəz, 11,9 min ton meyvə, 16,5 min ton üzüm və 300 ton bostan məhsulları, 1310 ton pambıq, 697 kiloqram yaş barama, 10,5 min ton ət, 50,1 min ton süd, 16,2 milyon ədəd yumurta və 213 ton yun istehsal edilib. Lizinq yolu ilə rayona 725 baş cins mal-qara gətirilib, 2489 baş qaramal süni mayalandırılaraq onlardan 2523 baş cins buzov alınıb.
Bildirilib ki, 2019-cu ildə rayonda sosial layihələr də uğurla icra olunub. Rayon mənzil istismarı sahəsinin balansında olan 8 çoxmənzilli binanın fasadları, dam örtükləri və giriş hissələri təmir olunub, kanalizasiya xətləri yeni sistemə qoşulub, 13 küçəyə asfalt döşənib, Zərifə Əliyeva küçəsində 1400 metr səki çəkilib, Heydər Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsindəki dairə yenidən qurulub.
Rayonda “ASAN xidmət” mərkəzinin, xalça fabrikinin, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün sosial sığınacağın və ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin tikintisi üçün müvafiq torpaq sahələri ayrılıb. Hazırda “ASAN xidmət” mərkəzinin, Bölgə Təcrübə Stansiyası üçün ofis və anbar binalarının tikintisi davam etdirilir.
Diqqətə çatdırılıb ki, ötən il Cəlilabadda 5372 yeni iş yeri açılıb, 906 nəfər ictimai işlərə, 695 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib.
Hazırda Muğan kəndində 500, Cəlilabad şəhərinin yeni yaşayış massivində 624 şagird yerlik tam orta məktəb binaları tikilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Cəlilabad rayonunun 10 kəndində modul tipli məktəb binasının tikilməsi nəzərdə tutulub. Onlardan 5-i ötən il istifadəyə verilib, digərlərinin tikintisi isə davam etdirilir. Bundan başqa, Dövlət Proqramına müvafiq olaraq 2023-cü ilədək rayonda 15 orta, ümumi və ibtidai məktəb tikiləcək, Cəlilabad Peşə Liseyi və 4 tam orta məktəb əsaslı təmir olunacaq. Dövlət İnvestisiya Proqramı çərçivəsində Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəb üçün 624 şagird yerlik yeni bina tikiləcək.
Ötən il Günəşli kəndində daxili imkanlar hesabına 10 otaqdan ibarət həkim məntəqəsi tikilərək istifadəyə verilib. Göytəpə şəhərində bu il tikilməsi nəzərdə tutulan yeni xəstəxana binasının inşası üçün torpaq sahəsi ayrılıb.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2019-cu ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edib.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı qərar layihəsi qəbul olunub, Prеzidеnt İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.

Regionlar 2020-02-22 14:17:00