×
A
A
A
Sazlamalar

Qırğızıstan parlamentinin deputatları həbsdə olan eks-prezidentin səhhəti ilə maraqlanıblar

Bişkek, 22 fevral, AZƏRTAC

Qırğızıstan parlamentinin deputatları Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılan eks-prezident Almazbek Atambayevin səhhəti ilə maraqlanıblar. Deputatlar eks-prezidentin səhhətində problemlər yarandığını etiraf ediblər və onun xüsusi xəstəxanaya köçürülməsi təklif olunub.
AZƏRTAC xəbər verir ki, eks-prezidentin oğlu mətbuata açıqlamasında son günlər atasının səhhətinin pisləşdiyini, hər an insult və ya infarkt keçirə biləcəyini deyib.
Almazbek Atambayev dövlət çevrilişi, adam öldürmə, korrupsiya, kütləvi iğtişaşlar törətmək, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahələrini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.
Ötən il avqustun 7-8-də sabiq Prezidentin həbs edilməsi ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 nəfər xəsarət alıb, bir nəfər xüsusi təyinatlı ölüb. Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında saxlanılır.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Dünya 2020-02-22 00:47:00