×
A
A
A
Sazlamalar

FHN “Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirib

Bakı, 21 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC ilə razılaşdırılmış cədvələ əsasən, N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında yanğın-taktiki təlim keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında 15-ci yolda dayanan qatarın birinci vaqonunda baş vermiş şərti yanğın təlimin əsas mövzusu olub. Şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib və metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb. FHN-in 112 - qaynar zəng xəttinə yanğın barədə məlumat verilib. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin yanğın avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək yanğını söndürüblər.
Yanğın-taktiki təlim başa çatdıqdan sonra FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, metropolitendə yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Sosial 2020-02-21 17:44:00