×
A
A
A
Sazlamalar

Astarada narkotacirlər saxlanılıblar

Astara, 21 fevral, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Onlardan ümumilikdə bir kiloqramdan artıq narkotik vasitə aşkarlanıb və dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astara şəhəri ərazisində 1 bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq R.Rzayevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin zirzəmisində 1 ədəd bağlamada 1 kiloqram 25 qram narkotik vasitə tiryək, 15 ədəd kibrit qutusunda 40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini S.Həsənov saxlanılıb və onun üzərindən 1 bükümdə psixotrop maddə metemafetamin aşkarlanaraq götürülüb.
Davam edən əməliyyat tədbirləri ilə S.Həsənovun psixotrop maddəni həmkəndlisi R.Ağayevdən aldığı müəyyən edilib və sonuncu saxlanıldıqdan sonra satış məqsədi ilə üzərində gəzdirdiyi bir büküm metamfetamin aşkarlanaraq götürülüb.
“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayevə narkotik vasitəni satan şəxsin Astara rayonunun Qamışovka kənd sakini S.Həsənov olduğu müəyyən edilib.
S.Həsənov polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 4 bükümdə 5,5 qram çəkidə psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Regionlar 2020-02-21 16:52:00