×
A
A
A
Sazlamalar

Bakı Mühəndislik Universitetində smart tələbə kartları verilib

Bakı, 21 fevral, AZƏRTAC

Mərkəzi Bank (AMB), Təhsil Nazirliyi, “Mastercard”, “Kapital Bank”ın dəstəyi ilə Bakı Mühəndislik Universitetində (BMU) “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib. Tədbirdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Təhsil nazirinin müavini İdris İsayev, BMU-nun rektoru Havar Məmmədov, “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, “Kapital Bank”ın Korporativ və KOS Satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə, tərəfdaş qurumların rəsmiləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Bankın sədrinin birinci müavini A.Quliyev layihənin təhsil sistemində innovativ tətbiqlər baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq “Smart tələbə kartı” layihəsinin gənc nəslin ən müasir ödəniş həllərindən fəal istifadəsi üçün geniş imkanlar yaratdığını qeyd edib. Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən A.Quliyev bildirib ki, Azərbaycan Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafının stimullaşdırılmasında da əhəmiyyətli rola malikdir.
A.Quliyev ötən il “Smart tələbə kartları” layihəsinin pilot olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırılmasını xatırladaraq deyib ki, ötən müddət ərzində layihə, həm banklar, həm də universitetlər tərərfindən böyük maraqla qarşılanıb. Belə ki, layihə tərəfdaşlarının dəstəyi ilə qısa zaman kəsiyində 18 min tələbəyə smart tələbə kartı təqdim edilib.
Layihənin cəmiyyətin gənc təbəqəsinin ödəniş bazarına daxil olmasına geniş imkan yaradacağını əminliklə ifadə edən Mərkəzi Bankın sədrinin birinci müavini gəncləri ölkədə nağdsız cəmiyyət quruculuğunda fəal iştirak etməyə çağırıb.
Təhsil nazirinin müavini İ.İsayev layihənin təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaratdığını qeyd edərək bildirib ki, layihəyə əsasən ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartı müəyyən edilib və onun əsasında müasir ödəniş funksianallı tələbə kartları hazırlanaraq tələbələrə təqdim olunub.
BMU-nun rektoru H.Məmmədov isə təqdim edilən smart tələbə kartlarının universitetin mövcud elektron sistemini daha da gücləndirəcəyinə inandığını vurğulayıb.
Tədbirdə çıxış edən “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri E.Çakar ölkə miqyasında belə bir layihənin reallaşdırılmasında iştirak etdiklərindən qürur duyduqlarını diqqətə çatdırıb. “Kapital Bank”ın Korporativ və KOS Satış İdarəsinin baş direktoru F.Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib.
Sonda smart tələbə kartı barədə təqdimat nümayiş etdirilərək bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Eyni zamanda, tələbələr smart kartlardan universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər.
Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb. Qeyd edilib ki, bu kartlardan istifadə tələbələr arasında müasir ödəniş mədəniyyətinə malik yeni nəslin formalaşmasına və ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq.
Təqdimat mərasiminin sonunda universitetin birinci kursunda təhsil alan 20 tələbəyə smart tələbə kartı təqdim edilib.

Maliyyə 2020-02-21 17:09:00