×
A
A
A
Sazlamalar

Əcnəbi tələbələr Şərur rayonunda yerləşən muzeylərlə tanış olublar

Naxçıvan, 20 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tələbələr əvvəlcə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin Cəlilkənddə yerləşən ev-muzeyi ilə tanış olub, böyük ədibin həyat və yaradıcılığı, onun mütaliə etdiyi əsərlər və şəxsi kitabxanası haqqında ətraflı məlumat alıblar.
Sonra əcnəbi tələbələr Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gəliblər. Burada bildirilib ki, rayon ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən, maddi-mədəniyyət nümunələri ilə zəngin olan muzey 3 mərtəbədən və 2 ekspozisiya zalından ibarətdir. Tarixin dərin qatlarından soraq verən muzeydə 7300-dən çox eksponat qorunub saxlanılır. Muzeydə eramızdan əvvəl V minilliyə aid saxsı küpə, qədim insanlar üçün inanc xarakteri daşıyan eramızdan əvvəl IV-III minilliklərə aid daş bütlər, eramızdan əvvəl IV-III minilliklərə aid daş əmək alətləri, daş dəstəklər, gürzlər, eramızdan əvvəl IV-II minilliklərə aid olan daş həvəngdəstə və digər eksponatlar yer alır. Bütün bunlar sirli-soraqlı tarixin dərin qatlarından xəbər verir.
Yengicə Hamamı və Şərur rayonunda yerləşən İdman Kompleksi ilə tanış olan qonaqlar üçün çay süfrəsi də təşkil olunub.
Qeyd edək ki, 20 nəfər əcnəbi tələbənin iştirak etdiyi ekskursiya muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının və Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Regionlar 2020-02-20 12:57:00