Çinin və ASEAN ölkələrinin XİN rəhbərlərinin koronavirusla əlaqədar xüsusi iclası başlayıb
Pekin, 20 fevral, AZƏRTAC
Laosun paytaxtı Ventyan şəhərində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələrinin və Çinin Xarici İşlər nazirlərinin koronavirus epidemiyası ilə əlaqədar xüsusi iclası keçirilir.
AZƏRTAC Çin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə virusun yayılmasına qarşı birgə mübarizədə səylərin əlaqələndirilməsi məsələsi müzakirə olunur. Mətbuat üçün qapalı keçirilən iclasda təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri və ASEAN-nın baş katibi Lim Cok Hoy da iştirak edir. Filippin Xarici İşlər katibi Teodoro Loksib açılış nitqində bildirib ki, "COVİD-2019" ölkələrin əhalisinin sağlamlığı üçün təhlükəli olmaqla yanaşı, epidemiyanın ticarət, turizm də daxil olmaqla qlobal iqtisadiyyata mənfi təsiri də var. O, Çinin virus ilə mübarizədə göstərdiyi səyləri yüksək qiymətləndirib, bu işdə səyləri birləşdirməyin, birgə fəaliyyətin və əməkdaşlığın vacibliyini vurğulayıb.
Çinin XİN rəhbəri Van İ görüşdən əvvəl bildirib ki, ölkəsi beynəlxalq ictimaiyyətin, o cümlədən ASEAN ölkələrinin dəstəyi ilə koronavirus epidemiyası ilə mübarizədə qələbəyə əmindir. Çin Xarici İşlər naziri Sinqapur və Filippinli həmkarları ilə təkbətək görüşündə ölkəsində epidemik vəziyyət barədə məlumat verib, çətin günlərdə göstərilən dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, bu, Çində yeni tip koronavirus yayılmağa başlayandan sonra epidemiya ilə mübarizədə birgə səylərin koordinasiyası üçün keçirilən ilk çoxtərəfli görüşdür. 1967-ci ildə yaradılan ASEAN-a Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand and Vyetnam daxildir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır